Link kopyalandı!
SEO-ya Uyğun Açar Sözlər Necə Olmalıdır? | Smartbee.az
Blog
2025-02-16 22:54

SEO-ya Uyğun Açar Sözlər Necə Olmalıdır?

Açar söz  dedikdə istifadəçilərin hər hansı mövzuda axtarış edən zaman axtarış motoruna daxil etdiyi ifadə və sözlər nəzərdə tutulur. Açar sözlər SEO strategiyasının əsas hissəsi olub, saytın axtarış motorlarında daha yaxşı mövqe tutmasına kömək edir. Məhz buna görə də, açar söz araşdırması edərkən, əlaqəli açar sözləri seçərkən və onları saytınızın müxtəlif hissələrinə yerləşdirərkən olduqca diqqətli olmalısınız. Düzgün seçilmiş açar sözlər vebsaytın hədəf auditoriyasına daha tez çatmasına və orqanik trafikin artmasına səbəb olur. Axtarış motorlarının alqoritmləri açar sözlərin kontekstini və məzmunla uyğunluğunu qiymətləndirdiyindən, onların təbii və strateji şəkildə yerləşdirilməsi vacibdir.

 Açar sözlər necə işlədilmlədir?

 Açar sözlərin düzgün istifadə edilməsi SEO strategiyasının ən vacib hissələrindən biridir. Onların səhifə daxilində optimal şəkildə yerləşdirilməsi saytın axtarış motorlarında daha yüksək sıralanmasına kömək edir. Yanlış və ya həddindən artıq istifadə edildikdə isə əks təsir göstərərək sıralamanı aşağı sala bilər. Buna görə də, açar sözlər təbii və balanslı şəkildə inteqrasiya olunmalıdır. SEO uğuru üçün açar sözlərin harada və necə istifadə olunması məzmunun effektivliyini birbaşa müəyyən edir. 

Məzmun daxilində açar sözlərin düzgün istifadəsi SEO uğurunun əsas şərtlərindən biridir. Onlar təbii şəkildə yerləşdirilməli və məzmunun axıcılığına mane olmamalıdır. Həddindən artıq açar söz istifadəsi (keyword stuffing) axtarış motorları tərəfindən spam kimi qəbil oluna bilər. Bu eyni zamanda məqalənin oxucular tərəfindən də mənfi qiymətləndirilməsinə və istifadəçi təcrübəsi keyfiyyətinin azalmasına səbəb ola bilər. Açar sözlər məqalə boyunca uyğun şəkildə paylanmalı və süni görünməməlidir.

Meta title və meta description daxilində də əsas açar sözün istifadəsi axtarış motorları və istifadəçilərin  məzmunu əlaqəli hesab etməsinə səbəb olur. Açar sözlərin düzgün yerləşdirilməsi sayəsində saytın kliklənmə faizi (CTR) artır və daha çox trafik əldə olunur. Qısa, aydın və optimallaşdırılmış meta etiketlər saytın SEO performansına müsbət təsir göstərir.

URL daxilində əsas açar sözün istifadəsi həm SEO baxımından, həm də istifadəçi təcrübəsi üçün vacibdir. Səhifənin məzmununu dəqiq və qısa şəkildə ifadə edən URL daxilində açar sözün istifadəsi həm səhifənin indekslənməsinə müsbət təsir göstərir, həm də ziyarətçilərin saytan istifadəsini rahatlaşdırır.

 Alt text daxilində açar sözlərin istifadəsinə də diqqət etmək önəmlidir. Axtarış motorları şəkilləri oxuya bilmədiyi üçün alt mətnlər onların məzmununu anlamağa kömək edir. Düzgün optimallaşdırılmış alt text açar sözlərlə zəngin olduqda, şəkillərin axtarış nəticələrində görünmə ehtimalını artırır. 

 Açar söz araşdırması necə aparılır?

Düzgün açar söz seçimi etmək üçün əvvəlcə açar söz araşdırması etmək lazımdır. Bu prosesdə əsas məqsəd istifadəçilərin hansı söz və ifadələri axtardığını anlamaq və onlara uyğun məzmun təqdim etməkdir. Eyni zamanda, açar sözlərin rəqabət səviyyəsi və axtarış həcmi kimi faktorlar nəzərə alınmalıdır. Açar söz araşdırması aparmaq üçün bir neçə effektiv üsul mövcuddur.

Google avtomatik tamamlama

Biz axtarış çubuğuna hər hansı açar sözü daxil etdiyimiz zaman google həmin açar sözün digər versiyalarını da bizə təklif edərək nə istədiyimizi təxmin etməyə və axtraış prosesini asanlaşıdrmağa çalışır. Məsələn, axtarış çubuğuna “c vitamini” yazdığımız zaman “ c vitamini faydaları”,  “c vitamini nələrdə var”  və ya “ c vitamini olan meyvələr”  və s. kimi tamamlanmış təkliflərlərlə qarşılaça bilərik. Google-un bu təklifləri əvvəlki axtarışlara əsasən verdiyini nəzərə alsaq, təklif etdiyi açar sözləri istifadə etməyimiz  olduqca faydalı ola bilər. 

İstifadəçilərin etdiyi digər axtarışlar bölməsi

Axtarış nəticələrinin əks olunduğu səhifədə “İstifadəçilərin etdiyi digər axtarışlar” başlığı altında qeyd olunan açar sözlər də əhəmiyyətlidir. Bu açar sözlər Google tərəfindən  istifadəçilərin hərəkətlərinə və daha əvvəl maraqlandığı mövzulara əsasən qeyd olunmuşdur.

Semrush və Ahresf

Semrush və Ahrefs açar söz araşdırması üçün geniş imkanlar təqdim edən peşəkar SEO alətləridir. Hər iki platforma istifadəçilərə rəqabətli açar sözləri tapmaq, onların axtarış həcmini təhlil etmək imkanı verir. Semrush açar sözlərin trendini və SERP analitikalarını təqdim edərək daha strateji qərarlar verməyə kömək edir. Ahrefs isə güclü açar söz araşdırma aləti ilə istənilən niş üzrə axtarış sorğularını təhlil edib ən uyğun variantları seçməyə imkan yaradır. Bu alətlərin köməyi ilə effektiv açar sözləri müəyyənləşdirərək SEO strategiyanızı gücləndirə bilərsiniz.

Süni itellekt

Süni intellekt açar söz araşdırmasını daha sürətli və dəqiq aparmağa kömək edir. AI əsaslı alətlər istifadəçilərin niyyətini analiz edərək daha uyğun və effektiv açar sözlər təklif edə bilər. Açar söz araşdırması üçün faydalı ola biləcək alətlərə Chat GPT-ni nümunə göstərə bilərik. Chat GPT-yə açar söz araşdırması ilə bağlı düzgün prompt verdikdən sonra o sizə müxtəlif açar sözlər təqdim edəcəkdir. Siz isə onun sizə təqdim etdiyi açar sözləri analiz edərək, effektiv olanları seçməli və analiz etməlisiniz. 

Öz fikirləriniz

Açar söz araşdırması zamanı özümüz düşünüb yazmaq unikal və fərqli açar sözlər tapmaq üçün faydalı ola bilər. İnsan düşüncəsi süni intellekt və alətlərdən fərqli olaraq, fərqli yanaşma tətbiq edərək daha spesifik və niş ifadələr yarada bilər. Hədəf auditoriyanın ehtiyaclarını və axtarış vərdişlərini nəzərə alaraq, axtarış edən bir şəxs kimi düşünə və real problemləri həll edəcək açar sözlər fikirləşə bilərik. Beyin fırtınası (brainstorming) və istifadəçilərin suallarını analiz edərək, trend olmayan, lakin potensial trafik gətirəcək unikal ifadələr müəyyən etmək olar. Bu yanaşma SEO strategiyasını daha güclü edərək rəqiblərdən fərqlənməyə və yeni fürsətlər yaratmağa imkan verir.

Longtail açar söz nədir?

Long-tail açar sözlər üç və ya daha çox açar sözdən ibarət olub, uzun və daha spesifik ifadələr hesab olunur. Bu açar sözlər ümumi (qısa) açar sözlərə nisbətən daha az axtarış həcminə malik olsa da, daha hədəfli və konkret auditoriyanı cəlb edir. Məsələn, “ayaqqabı” qısa açar sözdür, amma “qadınlar üçün idman ayaqqabısı” long-tail açar sözdür və daha konkret məqsədi ifadə edir. Bu cür açar sözlər daha çox məqsədinə birbaşa çatmaq istəyən istifadəçilər tərəfindən istifadə olunur və istifadəşi niyyətini dəqiq əks etdirir. Eyni zamanda, bu açar sözlər geri dönüş nisbətini artırmağa kömək edir, çünki istifadəçilər daha konkret axtarışlar etdikdə, məhsul və ya xidmət alma ehtimalları daha yüksək olur. SEO strategiyalarında long-tail açar sözlərin əhəmiyyəti getdikcə artır, çünki səsli axtarış və təbii dil emalı populyarlaşır. İnsanlar getdikcə daha təbii və detallı axtarış sorğuları etdikləri üçün bu açar sözlər daha vacib rol oynayır. Buna görə də, məzmun yaradarkən və SEO strategiyası qurarkən long-tail açar sözlərə də diqqət yetirmək tövsiyə olunur.

Semantik açar söz nədir?

Semantik açar sözlər əsas açar sözlə mənaca bağlı olan, müxtəlif formalarda ifadə edilən və ya əlaqəli söz və ifadələrdir. Məsələn, "Sosial Media Marketinq" əsas açar sözdürsə, "Rəqəmsal Marketinq", "İnstagram" və "Satış" semantik açar sözlər hesab edilə bilər. Bu cür sözlərdən istifadə edərək məzmunu daha təbii və oxunaqlı hala gətirə, eyni zamanda daha geniş auditoriyaya çata bilərik. 

Semantik açar sözlərin hansı növləri var?

Google və digər axtarış motorları Latent Semantic Indexing (LSI) texnologiyasından istifadə edərək əlaqəli açar sözləri müəyyənləşdirir və bu da sıralama alqoritmlərinə təsir edir. Yalnız əsas açar sözlərə fokuslanmaq əvəzinə, semantik açar sözlərdən istifadə etmək daha təbii və faydalı məzmun yaratmağa kömək edir. Semantik açarların 3 növü var: makrosemantik, mikrosemantik və əlaqəli açar sözlər.

Mikrosemantik açar sözlər

Mikrosemantik açar sözlər əsas açar sözün daha spesifik və detallı versiyası olub, müəyyən bir mövzu və ya niş çərçivəsində daha dəqiq məqsədi ifadə edir. Məsələn, "On-page SEO" əsas açar sözüdürsə, "URL" , “orqanik trafik" “meta title" və s. kimi sözlər mikrosemantik açar söz hesab edilə bilər. Mikrosemantik açar sözlərdən istifadə SEO strategiyasında hədəf auditoriyaya daha dəqiq çatmağa və yüksək dönüşüm əldə etməyə kömək edir.

Makrosemantik açar sözlər

Makrosemantik açar sözlər geniş mənaya malik, ümumi kateqoriyanı əhatə edən və daha böyük auditoriyaya xitab edən açar sözlərdir. Bu tip açar sözlər adətən yüksək axtarış həcminə malikdir və rəqabət səviyyəsi yüksək olur. Məsələn, "SEO" əsas açar sözü üçün  “rəqəmsal marketinq”, “marketinq” və s. kimi ifadələr makrosemantik açar söz hesab olunur. Makrosemantik açar sözlər SEO strategiyasında geniş trafik cəlb etmək üçün istifadə oluna bilər.

Əlaqəli açar sözlər

Əlaqəli açar sözlər əsas açar sözlə məna baxımından bağlı olan və eyni mövzu ətrafında istifadə edilən ifadələrdir. Bu açar sözlər nə əsas sözlərin daha detallı versiyasıdır, nə də onların aid olduğu daha geniş kateqoriyanı ifadə edir. Onlar sadəcə əsas açar sözlə mənaca əlaqəli olurlar. Məsələn, “SEO” əsas açar sözü üçün “PR”, “Sosial media marketinq” və s. kimi ifadələr əlaqəli açar sözlər hesab edilə bilər. SEO strategiyalarında əlaqəli açar sözlərdən istifadə edərək veb-saytın daha çox axtarış sorğusuna uyğungəlməsinə şərait yarada bilərik.

Yuxarıda sadalanan hər bir element və addım SEO-ya uyğun açar söz yazılması üçün olduqca önəmlidir. Düzgün metodlarla arşdırılan, effektiv şəkildə seçilən və doğru yanaşmayla saytın müxtəlif hissələrinə yerləşdirilən açar sözlər məzmunuzun dəyərini artıraraq onun Google tərəfindən yüksək səviyyədə qiymətləndirilməsini təmin edəcəkdir. Bu isə öz növbəsində, sizin daha çox istifadəçiyə xitab etməyinizə səbəb olacaqdır.