Link kopyalandı!
Retargeting Nədir? | Smartbee.az
Blog
2025-04-20 19:48

Retargeting Nədir?

Retargeting kompüter və ya mobil cihaz vasitəsilə veb saytınızı və ya sosial media hesablarınızı ziyarət etmiş istifadəçiləri müəyyən edib onları yenidən hədəfləmək deməkdir. Hər bir istifadəçinin hansı veb səhifəyə baxdığı, nələrə kliklədiyi, hansı məhsullara daha çox maraq göstərdiyi kimi məlumatlar sayt tərəfindən qeydə alınır və gələcək marketinq strategiyalarında istifadə olunmaq üçün saxlanılır. Retargeting və ya yenidən hədəfləmə istifadəçilərin saytınızda baxdığı səhifələrə, keçirdikləri vaxta və ümumi qarşılıqlı əlaqələrinə əsasən onlara müxtəlif reklamlar təqdim edir. Beləliklə, istifadəçi saytınızı ziyarət etdikdən sonra digər veb saytları ziyarət edərkən sizin reklamlarınızla qarşılaşır. Bu metod markanızı yadda saxlamaq, sadiq müştəri bazası yaratmaq və brendinizi yeni potensial müştərilərə tanıtmaq baxımından çox effektivdir. Xüsusilə e-ticarət saytları başda olmaqla bir çox şirkət bu üsuldan istifadə edir.

Retargeting saytınızı ziyarət etmiş, məhsulları incələmiş və orada müəyyən vaxt keçirmiş istifadəçilərə, onlar başqa saytlarda gəzişərkən reklam göstərməyə imkan verən bir rəqəmsal marketinq strategiyasıdır. Təsəvvür edin ki, siz bir brendin veb saytını ziyarət etmisiniz. Daha sonra əlaqəsi olmayan başqa bir saytı ziyarət edərkən birdən qarşınıza həmin əvvəl baxdığınız markanın reklamı çıxırsa, bu zaman siz retargeting, yəni yenidən hədəfləmə ilə qarşılaşmısınız deməkdir.

Retargeting necə edilir?

Rəqəmsal marketinq strategiyalarının vacib bir hissəsi olan retargeting konversiya nisbətlərinin artırılmasında mühüm rol oynayır. Uğurlu retargeting reklamları yaratmaq gəlirinizin artması və brendinizin böyüməsi deməkdir. Effektiv yenidən hədəfləmə reklamları hazırlamaq üçün aşağıdakı addımları izləyə bilərsiniz:

1. Hədəf kütlənizi müəyyənləşdirin: Kampaniyanızın uğurlu olması üçün doğru hədəf auditoriyasını müəyyənləşdirmək çox vacibdir. Kimə reklam göstərmək istədiyinizi dəqiq təyin etməlisiniz.

2. Retargeting kodu yaradın: Piksel və ya kukilər vasitəsilə retargeting kodunuzu yaradın və veb saytınızın uyğun səhifəsinə yerləşdirin. Bu kodlar vasitəsilə istifadəçilərlə bağlı məlumat toplanacaq.

3. Retargeting platforması seçin: İstifadəçilərin çərəzlərini tanıya bilmək və onlara reklam göstərə bilmək üçün uyğun bir retargeting platforması seçməlisiniz. Məsələn Google Ads və ya Meta Ads kimi platformalar geniş istifadə olunur.

4. Hədəfləmə siyahısı yaradın: Bu siyahını tərtib etməklə reklamlarınızın göstəriləcəyi istifadəçi qruplarını seçmiş olacaqsınız. Retargeting kodunun yerləşdiyi səhifələri ziyarət edən istifadəçilər bu siyahıya daxil edilir.

5. Reklamlarınızı hazırlayın: İstifadəçilərin maraqlarını və davranışlarını nəzərə alaraq cəlbedici reklam məzmunları hazırlayın. Vizual baxımdan diqqət çəkici və fərqli çağırışlarla zəngin reklamlar istifadəçini hərəkətə keçməyə təşviq edəcək.

6. Kampaniya parametrlərini tənzimləyin: Retargeting kampaniyanız üçün büdcə, görüntülənmə tezliyi kimi əsas parametrləri təyin edərək reklamlarınızı daha effektiv idarə edə bilərsiniz.

7. Kampaniyanı optimallaşdırın və analiz edin: Yayımladığınız kampaniyanın nəticələrini müntəzəm analiz etməli və lazım olduqda optimizasiya etməlisiniz. Həmçinin, A/B testləri apararaq fərqli reklam versiyalarının performansını ölçə bilərsiniz.

Bu addımları düzgün şəkildə tətbiq etməklə, retargeting kampaniyalarınızdan maksimum fayda əldə edə və rəqəmsal satış strategiyanızı gücləndirə bilərsiniz.

Retargeting etməyin faydaları nələrdir?

Onlayn rəqabətin artması ilə birlikdə müəssisələr yeni marketinq strategiyaları axtarışına çıxır. Bu sahədə retargeting (yenidən hədəfləmə) isə tez-tez üstünlük verilən reklam üsullarından biri halına gəlib. Retargeting reklamlarının bir çox əhəmiyyətli üstünlükləri mövcuddur. Bunlar aşağıdakılardır:

  • Satış şansını artırır. Saytınızı əvvəllər ziyarət etmiş və məhsullarla maraqlanmış insanlar üçün bu reklamlar onları yenidən cəlb edib alış etməyə təşviq edir.
  • İtirilmiş müştərini geri qaytarmağa kömək edir. Əgər istifadəçi səbətə məhsul əlavə edib saytı tərk edibsə, retargeting reklamları ilə onu geri qazanmaq mümkündür.
  • Brendin tanınmasını artırır. Bu reklamlar sayəsində istifadəçi markanızı daha tez-tez görür və yadda saxlayır.
  • Reklam xərclərini daha səmərəli edir. Retargeting reklamları yalnız markanızla maraqlanmış insanlara göstərildiyi üçün boş yerə pul xərcləmirsiniz.
  • İstifadəçi davranışları barədə məlumat verir. Bu məlumatlar sayəsində reklamlarınızı şəxsi maraqlara uyğun tərtib edə bilərsiniz.
  • Mövcud müştərilərlə əlaqəni qoruyur. Onların brendinizə sadiq qalması üçün retargeting faydalı bir vasitədir.

Qısacası, retargeting həm yeni satışlar qazanmaq, həm də mövcud müştəri bazasını qorumaq baxımından rəqəmsal marketinqin güclü alətlərindən biridir.

Retargeting reklam növləri hansılardır?

Yeni müştəri qazanmaqla yanaşı, sadiq bir müştəri bazası yaratmaq da hər keçən gün daha çətinləşir. İstifadəçilər çox sayda reklamla qarşılaşdıqları üçün onların diqqətini çəkmək və əlaqəni qorumaq daha çox səylə mümkün olur. Məhz buna görə də fərqli retargeting reklam növlərindən istifadə edərək həm yeni potensial müştərilərə çatmaq, həm də mövcud istifadəçiləri alışa təşviq etmək mümkündür. Aşağıda bu sahədə istifadə edilən retargeting növləri ilə tanış ola bilərsiniz.

Veb sayt retargeting reklam modeli

Yenidən hədəfləmənin ən çox istifadə olunan növlərindən biridir. Bu üsul saytınızı daha əvvəl ziyarət etmiş, lakin alış-veriş etmədən saytı tərk etmiş istifadəçilər üçün tətbiq olunur. Bu retargeting növü ilə saytınızı tərk edən istifadəçi internetdə başqa saytları ziyarət edərkən sizin reklamınızı görməyə başlayır. Buradakı əsas məqsəd həmin istifadəçi ilə yenidən əlaqə qurmaq və ona saytınızı xatırladaraq geri dönüşünü təmin etməkdir.

Sosial media retargeting

Retargeting reklamları üçün ən təsirli kanallardan biri də sosial media platformalarıdır. Müasir dövrdə insanların əksəriyyəti gün ərzində saatlarla sosial mediada vaxt keçirir. Buna görə də bu platformalarda yayımlanan reklamlar istifadəçilər üzərində daha güclü təsir yaradır. Sosial media retargeting üsulunda istifadəçi sizin veb saytınızı ziyarət etdikdən sonra Facebook, Instagram və ya X kimi sosial şəbəkələrə ziyarət edərkən qarşısına sizin reklamlarınız çıxır. Beləliklə, istifadəçiyə markanızı xatırlatmaq və onu yenidən sayta qaytarmaq mümkün olur.

Dinamik retargeting

Dinamik retargeting reklam modeli ənənəvi retargeting növlərindən fərqli olaraq istifadəçiyə fərdiləşdirilmiş reklamlar təqdim edir. Bu üsulda istifadəçilərə saytınızda baxdıqları konkret məhsullar və bu məhsullara aid endirimlərə əsaslanan reklamlar göstərilir. Beləliklə, hər bir istifadəçi öz maraq dairəsinə uyğun məzmunla qarşılaşır. Bu fərdiləşdirmə istifadəçiləri alış prosesini tamamlamağa daha çox təşviq edir və satış ehtimalını artırır.

E-mail retargeting 

E-mail retargeting reklam növü veb saytınıza üzv olmuş, lakin alış etməmiş və ya fəaliyyətsiz qalmış potensial müştərilərə xatırlatma və ya xüsusi təkliflər təqdim edən e-maillərin göndərilməsi ilə həyata keçirilir. Bu üsul sayəsində istifadəçilərə baxdıqları məhsullar, səbətdə saxladıqları əşyalar və ya onlara uyğun endirim kampaniyaları barədə məlumat verilə bilər. Fərdiləşdirilmiş e-mail məzmunu istifadəçinin diqqətini cəlb edərək onu yenidən saytla qarşılıqlı əlaqəyədə olmağa təşviq edir. Bu da həm geri dönüş faizini artırır, həm də müştəri ilə davamlı əlaqə qurmağa kömək edir.

Video retargeting 

Video retargeting istifadəçilərə daha əvvəl maraq göstərdikləri məhsul və ya xidmətlə bağlı videolar təqdim edərək onları yenidən hədəfləməyi məqsəd qoyan effektiv bir reklam strategiyasıdır. Bu metod əsasən YouTube, Instagram Reels və ya Facebook video reklamları kimi platformalarda istifadə olunur. Qısa, maraqlı və vizual cəhətdən cəlbedici videolar vasitəsilə istifadəçilərin diqqəti çəkilir və onların sayta geri dönməsi təşviq edilir. Bu strategiya həm brend tanınmasını artırmaq, həm də satışa yönəltmək baxımından əhəmiyyətlidir.