Link kopyalandı!
Rəqəmsal Marketinqdə İstifadə Olunan Əsas 16 Metrik | Smartbee.az
Blog
2025-04-13 07:11

Rəqəmsal Marketinqdə İstifadə Olunan Əsas 16 Metrik

Rəqəmsal marketinq müasir dövrdə bizneslərin onlayn platformalarda tanınırlığını artırmaq və potensial müştərilərlə daha effektiv ünsiyyət qurmaq üçün istifadə etdiyi əsas strategiyalardan biridir. Bu sahə sosial media, axtarış motorları, e-mail marketinqi və veb reklamlar vasitəsilə hədəf kütləyə çatma imkanı yaradır. Lakin yalnız bu alətlərdən istifadə etməklə kifayətlənmək olmaz. Rəqəmsal kampaniyaların real nəticələrini görmək və fəaliyyətləri düzgün şəkildə qiymətləndirmək üçün konkret metriklərdən faydalanmaq vacibdir. Bu metriklər marketinq fəaliyyətlərinin nə dərəcədə uğurlu olduğunu göstərir və gələcək addımlar üçün əsaslı qərarların verilməsinə kömək edir. Hər bir kampaniyanın məqsədinə uyğun olaraq fərqli göstəricilər izlənilməlidir. Məsələn ROİ, Cost Per Click (CPC), Conversion Rate (CVR) və bu kimi məlumatlar analiz edilməlidir. Bu göstəricilər biznesə həm büdcə istifadəsini optimallaşdırmağa, həm də daha yaxşı hədəfləmə strategiyaları qurmağa şərait yaradır. Əgər düzgün metriklər müəyyən olunmazsa, aparılan fəaliyyətlərin effektivliyi qeyri-müəyyən qala bilər. Buna görə də rəqəmsal marketinqdə nəticəyönümlü düşünmək və mütəmadi olaraq performansı ölçmək uğur üçün açar rol oynayır.

Veb Trafiki Metrikləri

Sayt trafiki metrikləri sizin üçün bir çox vacib suallara cavab verir: Ən çox baxılan səhifə hansıdır? Ziyarətçilər saytda nə qədər vaxt keçirir? Niyə bəzi istifadəçilər saytı tez tərk edir? Ziyarətçilərin neçə faizi sonradan müştəriyə çevrilir? Müştəri qazanmağın xərci nə qədərdir? Bu sualların cavabları sizə saytınızda nələrin işləyib, nələrin işləmədiyini anlamağa kömək edir. Çünki məqsəd yalnız insanları sayta cəlb etmək deyil, onları alış-verişə, qeydiyyata və ya başqa bir məqsədə yönəltməkdir. 

Bu metrikləri daha düzgün analiz etmək üçün saytınıza gələn geri dönüşləri ayrıca izləməyə başlamalısınız. Məsələn müəyyən bir düyməyə klik edənlər və ya qeydiyyatdan keçənlər kimi hədəflər müəyyən edə bilərsiniz. Beləliklə, ziyarətçilərin davranışlarını daha yaxşı anlayaraq saytınızı inkişaf etdirə bilərsiniz. İndi isə gəlin, izləməyə dəyər olan əsas göstəricilərə birlikdə baxaq.

Total Visits

“Total Visits” (ümumi ziyarət sayı) rəqəmsal marketinqdə ən çox istifadə olunan əsas metriklərdən biridir. Bu göstərici müəyyən bir zaman aralığında veb saytınıza edilən ümumi ziyarətlərin sayını ifadə edir. Buraya həm yeni, həm də təkrar ziyarətçilər daxil olur. Yəni bir istifadəçi eyni gündə və ya fərqli günlərdə sayta bir neçə dəfə daxil olarsa, hər biri ayrıca ziyarət kimi sayılır. Total visits metrikinin əsas məqsədi saytın ümumi trafik həcmini ölçməkdir. Bu, marketinq kampaniyalarının nə dərəcədə təsirli olduğunu, hansı kanallardan daha çox trafik gəldiyini və istifadəçilərin sayta nə qədər maraq göstərdiyini göstərir. Məsələn yeni başladığınız reklam kampaniyasından sonra Total visits artıbsa, bu, reklamın düzgün hədəfləndiyini göstərə bilər.

Bu göstərici Google Analytics, Yandex Metrica  və digər analitika alətlərində asanlıqla izlənilə bilər. Saytınızın ümumi performansını izləmək, kontent strategiyanızı təhlil etmək və ya reklam kampaniyalarının nəticələrini qiymətləndirmək üçün bu metrikdən geniş istifadə olunur. Nəticə olaraq, Total Visits saytınıza olan ümumi marağın göstəricisidir və digər metriklərlə birlikdə analiz edildikdə daha dərin nəticələr çıxarmağa kömək edir.

Unique Visitors

Unique Visitors sayta daxil olan hər bir fərqli istifadəçini ifadə edən göstəricidir. Burada əsas meyar IP ünvanı və ya cihazdır. Eyni şəxs sayta dəfələrlə daxil olsa belə, əgər eyni cihaz və IP-dən istifadə edirsə, bu sadəcə 1 unique visitor kimi sayılır. Məsələn bir istifadəçi eyni gündə 10 dəfə sayta daxil olsa belə, bu 1 unique visitor, amma 10 total visit deməkdir. Sayta daxil olan hər cihaz üçün xüsusi “cookie” təyin olunur və bu cookielər vasitəsilə həmin ziyarətçi təkrar da gəlsə, yenə də bir unique visitor olaraq qalır. Unique Visitors saytı real neçə nəfərin ziyarət etdiyini anlamaq üçün vacib metrikdir və Total Visits ilə qarışdırılmamalıdır. Google Analytics kimi alətlər bu məlumatı izləmək üçün geniş istifadə olunur.

Page Views

Page View istifadəçilərin veb saytınızdakı səhifələrə baxış sayını göstərən göstəricidir. Eyni istifadəçi eyni gündə bir səhifəyə dəfələrlə daxil olsa belə, hər baxış ayrıca sayılır. Yəni bir istifadəçi gün ərzində 5 dəfə eyni səhifəyə baxsa, bu 5 page view, 1 visit deməkdir. Page View göstəricisinin yüksək olması saytın aktivliyini və istifadəçi marağını göstərir. Bu həm axtarış nəticələrində daha yüksək yer tutmağınıza, həm də reklam gəlirlərinizin artmasına səbəb ola bilər. Page View-u artırmaq üçün istifadəçilərin saytda daha uzun qalmasını və daha çox səhifə gəzməsini təmin etmək lazımdır. Bunun üçün saytın dizaynı sadə və istifadəçiyə uyğun olmalı, məzmunlar maraqlı və faydalı təqdim edilməlidir. Məsələn e-ticarət saytlarında alış prosesi asan, məlumatlar aydın və rahat şəkildə tapıla biləcək formada olmalıdır. Bu, ziyarətçinin saytda daha çox qalmasına və səhifə baxışının artmasına səbəb olur.

Orqanik trafik

Orqanik trafik bir veb saytın reklamsız, yəni ödənişsiz şəkildə axtarış motorları vasitəsilə əldə etdiyi ziyarətçilərdir. Bu cür trafik üçün əlavə büdcə tələb olunmur və uzunmüddətli nəticələr verir. Orqanik trafik həm marketinq xərclərini azaldır, həm də geri dönüş ehtimalı yüksək olan keyfiyyətli istifadəçilər gətirir. SEO işləri nəticəsində saytın Google-da görüntülənməsi artır, marka tanınır və istifadəçi təcrübəsi yaxşılaşır. Orqanik axtarış nəticələri isə axtarış motorlarında reklamsız şəkildə göstərilən nəticələrdir və bunlar saytın məzmunu, texniki quruluşu və optimallaşdırma səviyyəsinə əsaslanır. Bu prosesi izləmək və təhlil etmək üçün Google Analytics və Search Console kimi alətlərdən istifadə olunur.

Sıralama mövqeyi

Sıralama mövqeyi veb saytın axtarış motorlarında müəyyən açar sözlər üzrə neçənci yerdə göründüyünü göstərir. Məsələn “online mağaza” sözünü axtaran istifadəçilər üçün saytınız Google nəticələrində 3-cü yerdədirsə, bu sizin sıralama mövqeyinizdir. Bu mövqe saytın SEO səviyyəsinə, məzmun keyfiyyətinə, backlinklərə və istifadəçi təcrübəsinə əsasən təyin olunur. Sıralama mövqeyi nə qədər yüksəkdirsə, saytın kliklənmə ehtimalı və tanınırlığı bir o qədər artır. Rəqəmsal marketinqdə bu göstərici uğurlu SEO strategiyasının əsas ölçülərindən biridir və mütəmadi olaraq izlənilməlidir.

İstifadəçi Davranışı Metrikləri 

İstifadəçi davranışı metrikləri veb sayt ziyarətçilərinin saytdakı fəaliyyətlərini izləyən və analiz etməyə kömək edən vacib göstəricilərdir. Bu metriklər vasitəsilə istifadəçilərin hansı səhifələrə baxdığı, nə qədər müddət saytda qaldığı və hansı nöqtədə saytı tərk etdiyi müəyyən edilir. Saytın performansını və istifadəçi təcrübəsini qiymətləndirmək üçün bu məlumatlar böyük əhəmiyyət daşıyır. Doğru analiz edilən istifadəçi davranışları daha effektiv məzmun və marketinq strategiyalarının qurulmasına şərait yaradır. Gəlin, bu metriklərlə daha yaxından tanış olaq:

Bounce Rate

Bounce rate istifadəçinin sayta daxil olub heç bir əlavə səhifəyə keçid etmədən və ilk açılan səhifədə heç nə etmədən saytdan çıxmasıdır. Yəni ziyarətçi yalnız bir səhifəyə baxır və heç bir klik etmədən saytı tərk edirsə, bu “dərhal çıxma” kimi qeydə alınır. Bu göstərici Google Analytics və digər analiz alətləri vasitəsi ilə ölçülür və saytın istifadəçi ilə nə qədər effektiv əlaqə qurduğunu göstərir. Əgər bounce rate yüksəkdirsə, bu saytın məzmununun maraqsız, dizaynın qeyri-funksional və ya saytın texniki cəhətdən zəif olduğunu göstərə bilər. Xüsusilə e-ticarət saytları üçün bu metrik çox önəmlidir. Məqsəd istifadəçini məhsula baxmağa, səbətə əlavə etməyə və alış etməyə yönləndirməkdir. Əgər istifadəçi sayta daxil olub dərhal çıxırsa, bu geri dönüş baş vermədi deməkdir. Ona görə də bounce rate saytın performansını və istifadəçi təcrübəsini anlamaq üçün əsas göstəricilərdən biridir.

Average Session Duration

İstifadəçi veb saytınıza daxil olduqda, Google Analytics həmin istifadəçi üçün bir sessiya (yəni baxış müddəti) başladır. Saytda nə qədər aktiv qaldığı isə sistem tərəfindən qeydə alınır. Bütün istifadəçilərin müəyyən bir səhifədə orta hesabla nə qədər vaxt keçirdiyini göstərən göstəriciyə Average Session Duration (Orta Sessiya Müddəti) deyilir. Bu göstərici saytın keyfiyyətini və istifadəçi təcrübəsini qiymətləndirmək üçün vacibdir. Əgər istifadəçilərin uzun müddət qalması gözlənilən səhifələrdə bu vaxt qısadırsa, səbəblər araşdırılmalıdır. Problemlər istifadəçi gözü ilə nəzərdən keçirilməli və lazımi düzəlişlər edilməlidir. Belə olduqda, istifadəçilər saytda daha çox vaxt keçirəcək və saytın ümumi performansı yaxşılaşacaq.

Click-Through Rate (CTR)

CTR bir reklamı görən istifadəçilərdən neçə nəfərin həmin reklama kliklədiyini göstərən əsas göstəricidir. Bu, reklamın nə qədər cəlbedici və təsirli olduğunu ölçmək üçün istifadə olunur. Məsələn reklamı 100 nəfər görüb 10 nəfər klik edibsə, CTR 10% olur. Reklamın uğurlu olub-olmadığını anlamağın ən sadə yollarından biri məhz CTR göstəricisidir. CTR yüksəkdirsə, bu o deməkdir ki, reklam istifadəçilərin diqqətini çəkib və onları hərəkətə keçirib. Əksinə, CTR aşağıdırsa, bu reklamın ya düzgün tərtib olunmadığını, ya da istifadəçiyə uyğun olmadığını göstərir. Bu zaman reklamın məzmunu, başlığı, yerləşdiyi yer və dizaynı nəzərdən keçirilməlidir. Reklam kampaniyalarının effektivliyini ölçmək, kliklənməni artırmaq və geri dönüş əldə etmək üçün CTR ən vacib metriklərdən biridir. Qısacası, CTR bir reklamın istifadəçidə maraq yaradıb-yaratmadığını göstərən açar göstəricidir.

Open Rate və Unsubscribe Rate

Open Rate göndərilən e-poçtların nə qədərinin oxunduğunu göstərən əsas marketinq göstəricisidir. Bu metrik kampaniyanın nə qədər diqqət çəkici və uğurlu olduğunu qiymətləndirməyə imkan verir. Açılma nisbətinin yüksək olması məzmunun və başlığın istifadəçilər üçün maraqlı olduğunu göstərir və daha çox geri dönüş əldə etməyə kömək edir. Aşağı açılma faizi isə e-mail strategiyasında dəyişiklik edilməsinin vacibliyini göstərir.

Unsubscribe Rate e-mail siyahınızda olan istifadəçilərdən neçə nəfərin göndərdiyiniz e-maillərdən abunəliyini ləğv etdiyini göstərən göstəricidir.  Bu faiz ümumi göndərilən e-mail sayı ilə abunəlikdən çıxanların sayının nisbətinə əsasən hesablanır. Bu metrik e-poçt marketinqində istifadəçi məmnuniyyətini və mesajlarınızın nə qədər uyğun olduğunu anlamağa kömək edir. Əgər unsubscribe rate yüksəkdirsə, bu, kontentin maraqsız olduğunu, e-mail göndərilmə müddətinin çox sıx olduğu və ya istifadəçilərin gözləntilərinin qarşılanmadığını göstərə bilər. Bu göstəricini izləmək e-poçt strategiyanızı təkmilləşdirmək üçün vacibdir.

Performans və Effektivlik Metrikləri

Performans və effektivlik metrikləri rəqəmsal marketinq kampaniyalarının nə dərəcədə uğurlu olduğunu ölçmək üçün istifadə olunan əsas göstəricilərdir. Bu metriklər qoyulan məqsədlərə çatıb-çatılmadığını və resursların nə qədər səmərəli istifadə olunduğunu müəyyən etməyə kömək edir. Məsələn Cost per Action (CPA), Cost Per Click (CPC), Conversion Rate (CVR) kimi göstəricilər kampaniyanın real nəticələrini qiymətləndirməyə imkan verir. Bu göstəricilər əsasında gələcək strategiyalar formalaşdırılır və fəaliyyətlər daha da təkmilləşdirilir.

Conversion Rate (CVR)

Conversion Rate (CVR) istifadəçilərin markanızla qarşılıqlı əlaqə qurduqdan sonra istədiyiniz hərəkəti (məsələn, alış, qeydiyyat, form doldurma) həyata keçirmə faizini göstərən əsas rəqəmsal marketinq göstəricisidir. Sadə dillə desək, sayta daxil olan istifadəçilərdən nə qədərinin real addım atdığını ölçür. Bu göstərici, kampaniyanızın nə qədər effektiv olduğunu anlamağa və strategiyanızı təkmilləşdirməyə kömək edir. Yüksək CVR istifadəçilərin reklam və məzmununuza maraq göstərdiyini və istədiyiniz hərəkəti yerinə yetirdiyini göstərir. CVR reklam kampaniyalarının performansını qiymətləndirmək və istifadəçi təcrübəsini təhlil etmək üçün olduqca vacibdir. Bu göstərici sayəsində hansı məzmun və ya təkliflərin daha çox geri dönüş yaratdığını müəyyənləşdirmək mümkündür. Məsələn məhsul səhifələrinizdəki CVR göstəricilərinə baxaraq müştərilərinizin ehtiyaclarına uyğun təkmilləşdirmələr edə bilərsiniz.

Cost Per Click (CPC)

CPC, yəni klik başına ödəniş rəqəmsal reklamçılıqda istifadə olunan əsas modellərdən biridir. Bu modeldə reklamverən yalnız istifadəçi reklama klik etdikdə ödəniş edir. Reklamın sadəcə görüntülənməsi deyil, faktiki nəticə, yəni klik əsas götürülür. CPC sistemi xüsusilə Google Ads kimi platformalarda geniş istifadə olunur və reklamverənə büdcəsinə tam nəzarət imkanı verir. Hər klik üçün ödəniləcək məbləğ əvvəlcədən təyin olunur və bu məbləğ reklamın yerləşdiyi mövqe, seçilən açar sözlərin rəqabəti və kampaniyanın hədəflənməsi kimi amillərdən asılı olaraq dəyişə bilər. CPC modelinin əsas üstünlüyü ondadır ki, reklamverən yalnız nəticə əldə etdikdə xərc çəkir və bu, reklam büdcəsinin daha səmərəli istifadəsini təmin edir. Eyni zamanda, bu model reklamın effektivliyini ölçmək və geri dönüş əldə etmək üçün də geniş imkanlar yaradır.

Cost Per Mille (CPM)

CPM, yəni Cost Per Mille rəqəmsal reklamçılıqda reklamın 1000 dəfə göstərilməsi üçün ödənilən məbləyi ifadə edən göstəricidir. Buradakı “mille” sözü latın dilində “min” deməkdir. Yəni CPM reklamın görünmə sayına əsaslanan və reklamverənin reklamına görə nə qədər ödədiyini göstərən vacib bir ölçüdür. Bu model istifadəçidən klik və ya hərəkət tələb etmədən sadəcə reklamın görünməsi ilə qiymətləndirilir. CPM reklam büdcəsinin düzgün idarə olunmasında mühüm rol oynayır. Reklamların gündəlik və ya həftəlik neçə dəfə göstərildiyi, nə qədər geniş auditoriyaya çatdığı bu göstərici ilə müəyyən edilir. Eyni zamanda CPM reklam kampaniyalarının ümumi performansını qiymətləndirmək, nəticələri təhlil etmək və gələcək strategiyaları optimallaşdırmaq üçün istifadə olunur. Bu göstərici reklamverənlərə reklamın təsirini daha yaxşı anlamağa və rəqabət üstünlüyü əldə etməyə kömək edir.

Cost per Action (CPA)

CPA, yəni “Cost Per Action” rəqəmsal marketinqdə istifadəçinin müəyyən bir hərəkət etməsi üçün reklamverənin ödədiyi məbləği ifadə edir. Bu hərəkət məhsul almaq, qeydiyyatdan keçmək, forum doldurmaq və ya demo istəmək kimi kampaniyanın məqsədinə uyğun ola bilər. Yəni CPA bir geri dönüş baş verməsi üçün xərclənən ortalama reklam büdcəsidir. CPA-nın aşağı olması reklamın daha sərfəli və uğurlu olduğunu göstərir, bu səbəblə izlənməsi və optimallaşdırılması vacibdir.

Maliyyə Göstəriciləri

Maliyyə göstəriciləri rəqəmsal marketinq fəaliyyətlərinin real nəticələrini ölçmək və sərfəliliyini qiymətləndirmək üçün vacibdir. CLV (Müştəri Ömür Dəyəri), ROAS (Reklam Gəlirliyi) və ROI (İnvestisiya Gəliri) kimi metriklər qoyulan sərmayənin qarşılığında əldə olunan gəliri göstərir. Bu göstəricilər marketinq strategiyalarının nə qədər uğurlu olduğunu anlamağa və qərarvermə prosesini dəstəkləməyə kömək edir. Doğru təhlil olunmuş maliyyə metrikləri daha effektiv büdcə idarəçiliyi və yüksək gəlirlilik üçün əsas rol oynayır.

Customer Lifetime Value (CLV)

Customer Lifetime Value (CLV) bir müştərinin şirkətə bütün alış müddəti boyunca gətirdiyi ümumi gəliri ifadə edir. Bu göstərici, marketinq və satış strategiyalarının effektivliyini qiymətləndirmək və müştəri əldə etmə xərcləri ilə müqayisə aparmaq üçün istifadə olunur. CLV müəssisələrə müştərilərinin dəyərini daha yaxşı anlamağa və bu məlumat əsasında marketinq strategiyalarını düzgün şəkildə qurmağa kömək edir. Bu göstərici sayəsində şirkətlər reklam və satış büdcələrini daha səmərəli istifadə edə, sadiq müştərilərə fokuslanaraq uzunmüddətli gəlir əldə edə bilərlər. CLV əsasən rəqəmsal marketinq, müştəri münasibətləri və maliyyə planlamasında istifadə olunur. Şirkətlər CLV-ni nəzərə alaraq daha məqsədyönlü kampaniyalar hazırlayır, müştəri məmnuniyyətini artırır və ümumi biznes strategiyalarını optimallaşdırır.

Return on Ad Spend (ROAS) 

ROAS (Return on Advertising Spend) bir reklam kampaniyasına xərclənən məbləğin nə qədər gəlir gətirdiyini göstərən marketinq göstəricisidir. Sadə dillə desək, ROAS reklam üçün xərclədiyiniz hər 1 dolların sizə nə qədər qazandırdığını ölçür. Bu göstərici həm qısa müddətli kampaniyaların, həm də uzunmüddətli reklam fəaliyyətlərinin effektivliyini qiymətləndirmək üçün istifadə olunur. ROAS kampaniyanın uğurlu olub-olmadığını görmək və onu davam etdirməyə dəyib-dəymədiyini anlamaq üçün vacibdir. Eyni zamanda, digər ölçü göstəricilərindən fərqli olaraq, konkret bir kampaniyanın gətirdiyi gəliri birbaşa ölçməyə imkan verir. Xüsusilə onlayn satış və rəqəmsal reklam sahəsində ROAS göstəricisinin izlənməsi reklam büdcəsinin düzgün idarə olunmasına və maksimum səmərə əldə edilməsinə kömək edir.

ROİ (Return on investment)

ROI (investisiya gəlirliliyi) bir markanın marketinq fəaliyyətlərindən nə qədər gəlir əldə etdiyini göstərən göstəricidir. Sadə dillə desək, bu metrik marketinqə xərclənən hər dolların şirkətə nə qədər qazanc gətirdiyini ölçür. ROI hesablaması sayəsində markalar marketinqin nə qədər səmərəli olduğunu anlayır və büdcə planlamasını daha dəqiq edə bilirlər. ROI ona görə vacibdir ki, o, görülən işlərin nə dərəcədə uğurlu və dəyərli olduğunu göstərir. Bu göstərici sayəsində şirkətlər marketinq sərmayələrini optimallaşdıra, büdcəni səmərəli idarə edə və ümumi performanslarını təhlil edərək daha effektiv nəticələr əldə edə bilərlər.