Link kopyalandı!
On-Page SEO Nədir? | Smartbee.az
Blog
2025-02-16 13:36

On-Page SEO Nədir?

On-page SEO veb saytın Google və digər axtarış sistemləri tərəfindən yüksək qiymətləndirilməsi və istifadəçi təcrübəsinin artırılması üçün məzmun, meta teqlər, açar sözlərvə s. kimi saytdaxili elementlərin optimallaşdırılması prosesidir. Axtarış sistemləri istifadəçilərə ən uyğun nəticələri göstərmək üçün saytların daxili keyfiyyətini nəzərdən keçirir. Buna görə də, düzgün daxili optimizasiya olması saytın potensialı tam ortaya çıxarmaq üçün zəruri hala çevrilir. Bundan əlavə, On-Page SEO həm də istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına və ziyarətçilərin saytda daha uzun müddət qalmasına şərait yaradır. Axtarış sistemləri də istifadəçilər tərəfindən daha keyfiyyətli və faydalı hesab olunan səhifələri önə çıxarmağa üstünlük verdiyi üçün bu strategiya böyük əhəmiyyət daşıyır. Rəqabətli rəqəmsal mühitdə uğur qazanmaq istəyən saytlar üçün On-Page SEO-nun düzgün tətbiqi mütləqdir.

On-Page SEO necə həyata keçirilir?

On-Page SEO veb saytın fərdi səhifələrinin axtarış sistemləri üçün optimizasiya edilməsi prosesidir. Bu optimizasiya, məzmunun keyfiyyətini artırmaqla yanaşı, struktur baxımından da təkmilləşdirmələri əhatə edir. Axtarış sistemləri saytınızın məzmununu daha yaxşı başa düşdükdə, onu daha yüksək sıralara çıxarma ehtimalı artır. Səhifə içi SEO-nun əsas elementləri arasında açar söz istifadəsi, meta başlıqlar, meta təsvirlər, H strukturunun düzgün qurulması və sayt daxili linkləmə yer alır. Düzgün bir səhifə içi SEO strategiyası ilə veb saytınızın tanınırlığını və istifadəçi təcrübəsini yaxşılaşdıra bilərsiniz.

Açar sözlər

Açar sözlər internet istifadəçilərinin axtarış sistemlərində axtardıqları xüsusi ifadələrdir və onların maraqlarını, suallarını əks etdirir. Veb saytınızda düzgün açar sözlərdən istifadə edərək potensial istifadəçilərin sizi tapmasını asanlaşdıra bilərsiniz. Bu, məzmununuzun axtarış motorları tərəfindən daha yaxşı indekslənməsinə və tanınırlığını artmasına kömək edir. Doğru açar söz seçimi hədəf auditoriyanıza çatmaq və saytınızın sıralamasını yüksəltmək üçün vacibdir. 

Açar sözlər məqalənin məzmununa təbii şəkildə yerləşdirilməlidir ki, həm istifadəçilər, həm də axtarış sistemləri üçün faydalı olsun. SEO dostu məqalələrdə açar söz sıxlığı balanslı olmalıdır. Meta təsvir, başlıqlar və alt mətnlərdə açar sözlərdən istifadə etmək saytınız üçün faydalı hesab olunur. Açar sözlər məzmunun keyfiyyətinə təsir etmədən daxil edilməlidir. Əgər məzmun daxilində açar sözlərin həddindən artıq istifadəsinə yol versəniz, bu həm məzmununuzu dəyərsizləşdirəcək, həm də Googlun məzmununuzu spam kimi qəbul etməsinə səbəb olacaq. 

Meta title 

Meta Title veb səhifənin başlığını müəyyən edən və axtarış sistemlərinin nəticə səhifəsində (SERP) göstərilən HTML etiketidir. Bu başlıq həm istifadəçilər, həm də axtarış sistemləri üçün səhifənin məzmunu haqqında qısa və aydın məlumat verir.

Meta title SEO baxımından çox vacibdir, çünki o, veb səhifənin axtarış nəticələrində necə görünəcəyini və istifadəçilərin həmin nəticəyə klikləyib-klikləməyəcəyini müəyyən edir. Düzgün optimizasiya edilmiş meta title:

  • Axtarış sistemlərinin səhifənin mövzusunu daha yaxşı başa düşməsinə kömək edir.
  • İstifadəçilərin diqqətini çəkərək kliklənmə faizini (CTR) artırır.
  • Saytın əsas açar sözləri ilə uyğunlaşdırıldıqda daha yaxşı sıralanmasına kömək edir.

Meta title təxminən 50-60 simvol arasında olmalıdır ki, axtarış nəticələrində tam şəkildə görünsün və kəsilməsin. Eyni zamanda, istifadəçilərə faydalı və maraqlı görünməsi üçün cəlbedici və məlumatverici olmalıdır.

Meta description 

Meta description veb səhifənin məzmunu haqqında qısa məlumat verən və axtarış sistemlərinin nəticə səhifəsində (SERP) meta title-ın altında göstərilən HTML etiketidir. Bu təsvir istifadəçilərin axtarış nəticəsində səhifənizin nə haqqında olduğunu anlamalarına kömək edir və onların linkə klikləmək qərarına təsir edə bilir. Meta description SEO baxımından birbaşa sıralama faktoru olmasa da, kliklənmə faizini (CTR) artıraraq veb saytın trafikini yüksəldə bilər. Axtarış sistemləri istifadəçi sorğusuna uyğun gələn meta description məzmunlarını vurğulaya və axtarış nəticələrində fərqləndirə bilər. Effektiv bir meta description təxminən 150-160 simvol arasında olmalı, səhifənin əsas açar sözlərini əhatə etməli və maraq oyandırmalıdır. İstifadəçiləri səhifəyə daxil olmağa təşviq etmək üçün qısa, anlaşılan və cəlbedici şəkildə yazılmalıdır. Bundan əlavə, hər səhifə üçün unikal meta description yaradaraq veb saytın ümumi optimizasiyasını daha təsirli hala gətirmək mümkündür.

URL 

URL internet istifadəçilərinin tez-tez qarşılaşdığı anlayışlardan biridir. URL brauzerin ünvan çubuğunda görünən və bir veb saytın ünvanını ifadə edən bir linkdir. URL-in əsas funksiyası internetdə bir resursun yerini müəyyənləşdirmək və istifadəçiyə bu resursa çatma imkanı verməkdir. Hər bir veb sayt məlumatlarını saxlayan bir serverdə yerləşir və bu məlumatlara giriş URL vasitəsilə həyata keçirilir. Əslində serverlərdəki məlumatlar rəqəmlərlə (IP ünvanları) ifadə olunsa da, URL bu rəqəmləri insan üçün oxunaqlı mətnlərə çevirir. URL-lər protokol, domen və slug hissəsindən ibarət olur. URL slug hissəsi, səhifənin axtarış motorları və istifadəçilər tərəfindən daha yaxşı başa düşülməsinə kömək edən vacib bir elementdir. Slug yaradarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:

  1. Məzmunla əlaqəli olmalıdır – Slug səhifənin məzmununa uyğun olmalı, onu dəqiq şəkildə əks etdirməlidir.
  2. Açar sözlərdən istifadə olunmalıdır– Slug içində əsas açar sözlərin olması səhifənin axtarış motorları tərəfindən daha yaxşı indekslənməsinə kömək edir.
  3. Kiçik hərflərdən istifadə edin – Slug hissəsində böyük hərflərdən istifadə etmək texniki problemlərə səbəb ola bilər. Kiçik hərflərdən istifadə etmək daha düzgündür.
  4. Boşluqları tire (“-”) ilə əvəz edin – URL-də boşluq yerinə tire işarəsi istifadə edilməlidir. Məsələn, seo-optimizasiya yazmaq doğrudur, amma “seo_optimizasiya” və ya “seo optimizasiya “ yanlışdır.
  5. Xüsusi simvollardan çəkinin – %, &, $, ?, = kimi simvollar URL slug hissəsində olmamalıdır, çünki bunlar texniki problemlər yarada bilər.
  6. Oxunaqlı və anlaşılan olmalıdır – İnsanlar URL-i gördükdə səhifənin nədən bəhs etdiyini anlamaq üçün slug açıq və məntiqli olmalıdır.
  7. Latın hərflərindən istifadə edin- Slug yaradarkən “ə, ı,ğ,ö.. və s.” kimi  Azərbaycan hərflərindən istifadə etməməliyik. 

 

Doğru qurulmuş URL strukturu SEO baxımından vacibdir, çünki axtarış motorları məzmunu indeksləyərkən URL-nin uyğunluğunu da nəzərə alır. Açar sözlərin URL-də yer alması və ünvanın sadə olması veb saytın daha asan tapılmasına kömək edir. Düzgün yazılmış URL-lər sayəsində veb saytlar axtarış nəticələrində daha yüksək sıralamalara çata bilər.

Məzmun hazırlanması

SEO uyğun məqalə yazmaq Google-un sıralamasında (SERP) uğur qazanmaq üçün vacib amillərdən biri hesab olunur.SEO uyğun yazı; oxuculara, müştərilərə və axtarış sistemlərinə xitab edəcək şəkildə planlaşdırılmış, insanların oxumaq və ya paylaşmaq istədiyi məzmunları yaratmaq üçün istifadə olunan SEO texnikasıdır. Axtarış sistemlərində yuxarı sıralara çıxmaq məqsədi ilə düzgün məzmun planlaması ilə hazırlanan və SEO ilə optimizasiya edilən yazılara SEO uyğun məqalə deyilir.

Cəlbedici bir məzmun və SEO birləşdikdə, bu məqalə SEO-ya uyğun məqaləyə çevrilmiş olur.

Headers

Headers, axtarış sistemlərinin məzmununuzu daha yaxşı anlaya bilməsi üçün istifadə olunan HTML başlıq etiketləridir. Məzmun yaradarkən bu etiketlərə diqqət yetirməli və onları düzgün ardıcıllıqla istifadə etməlisiniz. Məsələn bir səhifədə ən əsas başlığı H1 etiketi ilə işarələyərkən, onun tərkibinə daxil olan məzmunu H2 etiketi ilə işarələyə bilərsiniz. Bu etiketlər H1-dən H6-ya qədər sıralana bilir və məzmunun strukturunu müəyyən etmək üçün vacib hesab olunur. H1 etiketi səhifənin əsas mövzusunu ifadə etməli, digər etiketlər isə məqalənin alt başlıqları və bölmələri üçün istifadə olunmalıdır. Axtarış sistemləri və istifadəçilər üçün oxunaqlı və anlaşılan bir məzmun yaratmaq üçün H etiketlərinin düzgün istifadəsi çox önəmlidir. Bundan əlavə, başlıqların açar sözlər baxımından uyğun olması, SEO performansınızı artırmağa kömək edə bilər. Gəlin H etiketləri ilə bağlı nümunə ilə tanış olaq:

H1: Veb Dizayn Nədir? 

H2: Veb Dizaynın Əsas Elementləri

H3: Rəng Seçimi

H3: Tipoqrafiya

H3:Şəkillər və Qrafika

H2: Mobil Uyğunluq və Responsiv Dizayn
 

Saytdaxili linkləmə

Saydaxili linkləmə, bir vebsayt daxilində bir səhifədən digər səhifəyə keçid verilməsi prosesidir. Bu, istifadəçilərin saytda daha rahat naviqasiya etməsinə və axtarış motorlarının məzmunu daha yaxşı indeksləməsinə kömək edir. Düzgün daxili linkləmə səhifələrin dəyərini artırır və onların axtarış nəticələrində daha yaxşı sıralanmasına şərait yaradır. Əlaqəli səhifələrə və vacib məqalələrə keçid vermək istifadəçi təcrübəsini yaxşılaşdırır və saytda qalma müddətini artırır.

Səhifələriniz arasında daxili link strukturu qurmaq həm məzmunlarınız arasındakı əlaqəni gücləndirmək, həm də saytınızın indekslənməsini yaxşılaşdırmaq üçün olduqca vacibdir. Sayt içi linkləmə edərkən, link verdiyiniz səhifə ilə uyğun açar sözdən istifadə etməyiniz daha optimizasiya olunmuş bir link strukturu yaratmağa kömək edəcəkdir. Məsələn, bu məqalədə səhifə içi SEO haqqında danışdığımız üçün SEO sözünü linkləyə bilərik.

Alt text

Google və digər axtarış sistemləri alt text-i şəkillərin məzmununu anlamaq və indeksləmək üçün istifadə edir. Axtarış motorları vizual elementləri birbaşa təhlil edə bilmədiyi üçün alt mətn, onların nəyi təsvir etdiyini sözlə izah edərək, şəkillərin Google Image Search və ümumi axtarış nəticələrində daha yaxşı sıralanmasına kömək edir. SEO baxımından, açar sözlərlə optimallaşdırılmış və kontekstə uyğun yazılmış alt text vebsaytın trafikini artıraraq daha çox istifadəçiyə çatmasına şərait yaradır. 

Bundan əlavə, düzgün alt mətnlər görmə məhdudiyyətli şəxslərin də məzmunu başa düşməsinə kömək edir. Görmə məhdudiyyəti olan şəxslər veb səhifələrdəki məzmunu başa düşmək üçün ekran oxuyucularından istifadə edirlər. Bu texnologiya səhifədəki mətnləri səsləndirdiyi kimi, şəkillərə əlavə edilən alt text-i də oxuyur. Əgər bir şəkil məzmun baxımından vacibdirsə və onun təsviri mövcud deyilsə, bu istifadəçilər üçün informasiya itkisinə səbəb olur. Düzgün yazılmış alt text isə şəkilin nəyi ifadə etdiyini təsvir edərək onların səhifəni daha yaxşı başa düşməsinə kömək edir. Nəticədə, alt text həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də saytın axtarış sistemlərində daha görünən olmasına şərait yaradır. 

On-Page SEO veb saytların axtarış motorlarında daha yaxşı sıralanması və istifadəçi təcrübəsinin artırılması üçün vacib bir strategiyadır. Yuxarıda sadalanan hər bir element SEO prosesinn  uğurlu nəticələnməsi üçün əsas amillərdir. On-Page SEO-nu effektiv şəkildə tətbiq etmək rəqiblər arasında fərqlənmək və daha geniş auditoriyaya çatmaq üçün vacibdir.