Link kopyalandı!
EEAT Nədir? | Smartbee.az
Blog
2025-03-17 07:05

EEAT Nədir?

EEAT — Experience (Təcrübə), Expertise (Mütəxəssislik), Authoritativeness (Səlahiyyətlilik) və Trustworthiness (Etibarlılıq) sözlərinin baş hərflərindən ibarət olub Google Search Quality Rating Guide-da yer alan bir qiymətləndirmə meyarıdır. EEAT göstəricisi bir veb saytın ümumi dəyərini, etibarlılığını və nüfuzunu müəyyən edir. Başqa sözlə, Google bu 4 meyara uyğun hazırlanan məzmunları axtarış nəticələrində daha yüksək mövqelərə çıxararaq mükafatlandırır.

Müasir dövrdə internetdə çox sayda məzmunun yer aldığı bir şəraitdə, doğru və keyfiyyətli məlumatlarla yanaşı, informasiya çirkliliyinə səbəb olan məzmunların sayı da əhəmiyyətli dərəcədə artıb. Ən kiçik bir mövzu ilə bağlı belə, müxtəlif mənbələrdə bir-birindən fərqli məlumatlara rast gəlmək mümkündür. Bu zaman isə məqalələrin keyfiyyəti ilə bağlı suallar ortaya çıxır. EEAT meyarlarına uyğun məzmun hazırlayan saytlar isə bu informasiya qarışıqlığından sıyrılaraq axtarış nəticələrində üst sıralarda yer alma şansı qazanır.

Təcrübə (Experience)

Alqoritmə yaxın zamanda əlavə olunan Təcrübə (Experience) anlayışı bir mövzu haqqında məzmun müəllifinin şəxsi təcrübəsinin vacibliyini vurğulayır. Yəni Google-a görə müəllifin toxunduğu mövzu üzrə real təcrübəyə sahib olması həmin məzmunun daha üstün mövqedə olmasına səbəb olur. Google düşünür ki, insanların şəxsi təcrübələrini əks etdirən məzmunlar daha etibarlıdır və buna görə də belə məzmunları mükafatlandırır (yəni axtarış nəticələrində daha yuxarı sıralara çıxarır).

Peşəkarlıq (Expertise)

Peşəkarlıq (Expertise) anlayışı məzmun müəllifinin və ya veb saytın müəyyən mövzu üzrə peşəkar və dərin biliklərə malik olmasının vacibliyini vurğulayır. Yəni məzmunun mövzu üzrə mütəxəssis tərəfindən yazılması Google üçün həmin məzmunu adi şəxslər tərəfindən hazırlanmış digər məzmunlardan daha etibarlı və dəyərli edir. Məsələn bir xəstəlik haqqında yazılmış məqaləni götürək. Əgər bu xəstəliklə bağlı məqalə rəsmi xəstəxana saytında dərc olunubsa, həmin mövzu ilə bağlı adi bir bloqda paylaşılmış məqaləyə nisbətən daha yüksək peşəkarlıq səviyyəsinə malik hesab olunur.İnformasiya çirkliliyinin, yanlış və qeyri-dəqiq məlumatların yayılmasının qarşısını almaq üçün məqalələrin ixtisaslı şəxslər tərəfindən hazırlanması çox vacibdir.

 

Səlahiyyətlilik (Authoritativeness)

Səlahiyyətlilik məzmun müəllifinin və ya veb saytın aid olduğu sahədəki ümumi nüfuzunu və etibarını nəzərə alan bir anlayışdır. Səlahiyyətlilik yalnız məzmunu yazan müəllifin həmin mövzu üzrə mütəxəssis olmasını deyil, həm də məzmunun dərc olunduğu veb saytın referans mənbə kimi qəbul olunub-olunmamasını da əhatə edir. Veb saytınız nə qədər məşhur və nüfuzlu olarsa, səlahiyyətliliyiniz də bir o qədər artacaq. Səlahiyyətliliyin artırılması üçün tətbiq edə biləcəyiniz bəzi vacib nüanslar:

  • Məqalələrdə müəllif profilinə yer vermək,
  • Sektor üzrə nüfuzlu veb saytlardan backlink almaq,
  • Əgər sayt məhsul satışı edən e-ticarət saytıdırsa, istifadəçi rəylərinə yer vermək,
  • Əldə edilmiş uğur və mükafatları veb saytınızda paylaşmaq.

Bu kimi addımlar veb saytınızın və məzmunlarınızın səlahiyyətliliyini artırmaq üçün əhəmiyyətlidir.

Etibarlılıq (Trustworthiness)

Etibarlılıq anlayışı adından da göründüyü kimi Google-un bir veb saytını və ya məqaləni nə dərəcədə etibarlı hesab etməsi ilə birbaşa əlaqədardır. Məzmunu hazırlayan müəllifin nüfuzu və məqalədə təqdim olunan məlumatların düzgünlüyü etibarlılıq göstəricisinə təsir edən əsas amillərdir. Məzmun müəllifi haqqında dəqiq və doğru məlumat vermək istifadə olunan mənbələri (əgər varsa) düzgün şəkildə qeyd etmək etibarlılığı artıran mühüm faktorlardır. Bundan əlavə, veb saytınızın təhlükəsiz olduğunu istifadəçilərə göstərmək də çox vacibdir.

İstifadəçi rəyləri sosial media interaksiyaları və təhlükəsizlik tədbirləri kimi amillər veb saytın ümumi etibarlılığına təsir edir. Məsələn e-ticarət saytında təhlükəsiz ödəniş üsullarının və müştəri rəylərinin mövcudluğu istifadəçilərin sayta inamla yanaşmasına səbəb olur. Etibarlı bir veb sayt olduğunuzu göstərmək üçün ata biləcəyiniz bəzi addımlar:

  • Uğurlarınızı və qazandığınız mükafatları saytınızda paylaşmaq,
  • “Haqqımızda” bölməsi ilə istifadəçilərə özünüz barədə ətraflı və dürüst məlumat vermək,
  • SSL sertifikatına sahib olmaq (https:// ilə başlayan ünvan),
  • Məxfilik siyasəti, istifadəçi müqaviləsi, ləğv və qaytarma prosedurları kimi bütün istifadəçi məlumatlandırma siyasətlərini saytda yerləşdirmək,
  • Əgər sayt e-kommersiya saytıdırsa, istifadəçi rəyləri və məhsul qiymətləndirmələrinə yer vermək,
  • Ödəniş üsulları ilə bağlı etibarlılıq təmin etmək (məsələn, 3D Secure ödəniş sistemi və s.).

Google-un məqsədi istifadəçiyə ən doğru və tam məlumatı təqdim etməkdir. Buna görə də axtarış nəticələrində göstərilən bütün veb saytların etibarlı və istifadəçinin axtardığı məlumata tam cavab verə biləcək keyfiyyətdə olmasına xüsusi diqqət yetirir.

EEAT SEO üçün niyə vacibdir?

EEAT və SEO anlayışlarını birbaşa əlaqəli iki əsas anlayış kimi qiymətləndirmək olar. Veb saytda yerləşdirilən məzmunların orijinallığı və keyfiyyəti SEO görüntülənməsi və uğuru üçün çox önəmlidir. SEO işləri çərçivəsində, saytda mövcud olan məzmunların keyfiyyəti və yetərliliyi təhlil edilir, mövzuya uyğun məzmun ehtiyacları müəyyən olunaraq bu tələblərə uyğun SEO dostu məzmunlar hazırlanır. Məzmunlarda istifadəçiləri çaşdıra biləcək səhv və ya natamam məlumatların olmaması, məzmunun orijinal və peşəkar şəxslər tərəfindən hazırlanması çox vacibdir.

İstifadəçilərin sorğularına ən dəqiq cavabı verən məzmun və veb saytlar Google-un EEAT meyarları əsasında yüksək bal alır və daha etibarlı hesab edilir, bunun nəticəsində mükafatlandırılır (yəni axtarış nəticələrində daha yüksək sıralara çıxır). Google-un hər keçən gün istifadəçilərin ehtiyaclarını daha yaxşı anlamaq və ən uyğun nəticələri təqdim etmək məqsədini inkişaf etdirdiyini görürük. EEAT isə bu missiyaya tam uyğun gələn anlayışlardan biridir. Bu cəhətdən Google-un gerisində qalmamaq və aktuallığı itirməmək üçün EEAT SEO işlərinin əsas qoluna çevrilmişdir.

SEO işləri ilə veb saytlar ilk növbədə etibarlı olmalı, mütəxəssis və təcrübəli şəxslər tərəfindən məzmunlar hazırlanmalı və sektorda nüfuzlu  olmalıdır. Bütün bu fəaliyyətlərin nəticəsi olaraq:

  • İstifadəçi etibarı və sədaqəti,
  • Axtarış sıralamalarında yüksəliş,
  • Daha çox klik və geri dönüş (satış, əlaqə, qeydiyyat və s.) əldə ediləcəkdir.

Yəni EEAT meyarlarına uyğun işləmək həm istifadəçi məmnuniyyətini, həm də SEO uğurunu təmin edən əsas amillərdən biridir.

Saytınızı EEAT-ə uyğun necə optimallaşdırmaq olar?

EEAT alqoritminin Google üçün nə qədər vacib olduğundan danışdıq. Saytınızı necə yaxşılaşdıra və yüksək EEAT göstəricisi əldə edə biləcəyinizə baxaq:

1) Yüksək keyfiyyətli məzmunlar hazırlamalısınız: Yüksək keyfiyyətli, orijinal və dəqiq məzmunlar hazırlamaq həm EEAT, həm də SEO üçün vacibdir. Saytınızdakı məzmunlar səhv və natamam məlumatlardan uzaq olmalı, istifadəçi sorğularına birbaşa cavab verməlidir. Google kopyalanmış məzmunları aşkar edərək aşağı sıralarda göstərir. Mütəxəssis şəxslər tərəfindən hazırlanmış məzmunlar isə daha çox görüntülənmə, klik və geri dönüş əldə etməyə kömək edir.

2) Məzmunlarınızı daim yeniləməlisiniz: EEAT veb saytların daim yenilənən məzmunlara sahib olmasını vacib göstərici kimi qiymətləndirir. Bəzi məzmunlar zaman keçdikcə aktualığını itirə bilər. Xüsusilə xəbərlər, illərə bağlı məlumatlar, son yeniliklər və dəyişikləri əhatə edən mövzularınız varsa, müntəzəm olaraq yenilənməlidir. Məzmunlarınızı mütəmadi olaraq yeniləmək istifadəçilərə dəqiq və aktual məlumat təqdim etmənizi təmin edir. Bu isə saytınızın etibarlılığını artırır və axtarış motorları tərəfindən daha önə çıxmasına kömək edir.

3) Saytınızda etibarlı mənbələrə yer verməlisiniz: EEAT saytınızda yerləşən məlumatların etibarlı mənbələrə əsaslanmasını vacib hesab edir. Buna görə:

  • Məzmunlarınızda rəsmi və güvənilən mənbələri istinad kimi göstərməlisiniz.
  • Dəqiq və doğru məlumat verən nüfuzlu mənbələrə yer vermək saytınızın etibarlılığını artırır.
  • Bu da EEAT balınızın yüksəlməsinə kömək edir.

4) Keyfiyyətli backlink-lər əldə etmək: Keyfiyyətli backlink-lər nüfuzlu və etibarlı saytlardan alınan keçidlərdir və Google-a saytınız barədə müsbət siqnallar ötürür. Bu linklər təkcə SEO üçün deyil, həm də istifadəçilərdə güvən yaratmaq baxımından önəmlidir. Saytınıza gələn keyfiyyətli linklərin sayı artdıqca, həm Google, həm də istifadəçilər üçün saytınızın dəyəri yüksəlir. SEO və EEAT meyarlarına uyğun olmaq üçün nüfuzlu saytlardan backlink-lər əldə etməyə çalışmalısınız. Bu, saytınızın həm etibarlılıq, həm də səlahiyyətlilik baxımından güclənməsinə kömək edəcək.

5) İstifadəçi rəyləri və qiymətləndirmələrinə yer vermək: İstifadəçi rəyləri və qiymətləndirmələri saytınızın etibarlılığını və istifadəçi təcrübəsini göstərən vacib amillərdir. EEAT alqoritmi istifadəçilərin təcrübələrini və sayt haqqında verdiyi müsbət fikirləri nəzərə alır. Buna görə də, saytınızda istifadəçi rəylərinə və məhsul qiymətləndirmələrinə yer vermək etibarlılığınızı və EEAT balınızı artırır. Xüsusilə e-ticarət, sağlamlıq və yemək resepti kimi sahələrdə fəaliyyət göstərən saytlar üçün bu rəylərə cavab vermək daha önəmlidir. Bütün saytlar üçün mümkün olmasa da, uyğun sahələrdə rəylərin toplanması və göstərilməsi istifadəçi etimadını artırır. Nəticədə, bu rəylər həm saytın dəyərini yüksəldir, həm də Google və istifadəçilər üçün etibarlı mənbə olduğunuzu sübut edir.

6) Əlaqə məlumatlarına yer vermək: Saytınızın etibarlılığını artırmaq üçün istifadəçilərlə ünsiyyətdə olmaq vacibdir. Buna görə əlaqə səhifəsində ünvan, telefon və e-poçt kimi məlumatlar yer almalıdır. Sosial media keçidlərinin təqdim edilməsi də inam yaradır. Əlaqə məlumatları saytda açıq göstərildikdə, həm etibarlılıq artır, həm də istifadəçilərlə birbaşa əlaqə imkanı yaranır.

7) Haqqımızda səhifəsi: Kim olduğunuzu açıq şəkildə istifadəçilərə təqdim etmək saytınızın etibarlılığı və nüfuzu üçün vacibdir. Bunun üçün saytınızda "Haqqımızda" səhifəsi yaradaraq şirkətinizin tarixi, vizyonu, missiyası və komandanız haqqında məlumat verməlisiniz. Əlaqə məlumatlarını və varsa uğur hekayələri, mükafat və sertifikatlarınızı da paylaşmaq inam yaradır. Saytınızda kim olduğunuzu göstərmək istifadəçilərin sizə qarşı olan güvənini artırır.

8) Saytınızı etibarlı etməli və bunu istifadəçilərə göstərməlisiniz: Google saytınızın etibarlılığına və istifadəçi təcrübəsinə böyük önəm verir. Saytınızın təhlükəsiz olması üçün diqqət yetirməli olduğunuz bəzi vacib məqamlar var. İlk növbədə, saytınızda mütləq SSL sertifikatı (HTTPS) olmalıdır, çünki HTTPS olmayan saytlar həm Google, həm də istifadəçilər tərəfindən etibarsız hesab edilir. Bundan əlavə, məxfilik siyasəti, istifadəçi şərtləri, ləğv və qaytarma prosedurları kimi vacib məlumatları saytda açıq şəkildə göstərməlisiniz. Əgər e-ticarət saytısınızsa, 3D Secure kimi təhlükəsiz ödəniş üsulları təqdim edərək istifadəçilərdə inam yaratmalısınız. İstifadəçilərə saytınızın təhlükəsiz olduğunu və məlumatların qorunduğunu göstərmək EEAT göstəricisini artırmaq üçün önəmlidir.

EEAT sıralama faktorudurmu?

EEAT veb saytları qiymətləndirməyin yeganə yolu deyil. Məlumdur ki, Google veb saytları qiymətləndirərkən yüzlərlə fərqli amili nəzərə alır. Buna görə EEAT birbaşa sıralama faktoru kimi qəbul edilmir. Lakin Google keyfiyyətli və etibarlı mənbələrdən gələn məzmunları üst sıralarda göstərməklə mükafatlandırdığı üçün istifadəçi güvəni və geri dönüşlərin artırılması nöqteyi-nəzərindən EEAT-yə uyğun məzmun hazırlamağın vacibliyini bir daha görürük.

EEAT birbaşa sıralama faktoru olmasa da, axtarış nəticələrində uğur qazanmaq üçün önəmli qiymətləndirmə meyarıdır. EEAT meyarlarına uyğun hazırlanan məzmun və saytlar Google tərəfindən daha yüksək mövqelərlə mükafatlandırılır. Bu səbəblə də saytınızı və məzmunlarınızı qeyd olunan bütün EEAT meyarlarına uyğunlaşdırmaq axtarış nəticələrində uğur qazanmağınıza kömək edəcək.

Müasir dövrdə internetdə yayılan saxta məlumatların və dələduzluğun qarşısını almaq üçün Google EEAT-yə verdiyi önəmi aydın şəkildə vurğulayır. Əgər hədəf auditoriyanızın ehtiyaclarını anlayır və bu ehtiyaclara təcrübəli, mütəxəssis, nüfuzlu və etibarlı cavab verə bilirsinizsə, həm yüksək EEAT balı ala, həm də uğurlu SEO nəticəsi əldə edə bilərsiniz.