Bounce rate istifadəçilərin saytınıza daxil olub heç bir qarşılıqlı əlaqə yaratmadan çıxma faizini ifadə edir. Bu göstərici Google Analytics vasitəsilə ölçülür və yüksək bounce rate saytınızda həll edilməli olan problemlərin ola biləcəyini göstərir.
Bounce rate – dərhal çıxma faizi deməkdir. Yəni əgər istifadəçi saytınıza daxil olub səhifə dəyişdirmədən, düymələrə basmadan və ya başqa bir hərəkət etmədən çıxırsa, bu, "bounce etmiş" yəni "dərhal çıxmış" hesab olunur. Saytınızı bounce edən və etməyən istifadəçilər arasındakı nisbət isə dərhal çıxma faizi kimi qəbul edilir. Bu metrik Google Analytics tərəfindən ölçülür və Analytics hesabatlarında görünə bilər.
Bu faiz göstəricisinin düzgün ölçülməsi üçün saytınızdakı hansı qarşılıqlı əlaqələrin əhəmiyyətli olduğunu əvvəlcədən təyin edə bilərsiniz. Məsələn e-ticarət saytlarında səhifənin aşağı sürüşdürülməsi ilə yeni məhsulların göstərilməsi üsulu geniş istifadə olunur. Bir istifadəçi sayta daxil olub səhifəni sürüşdürərək yeni məhsulların göstərilməsinə səbəb olursa və heç bir linkə klikləmədən çıxırsa, bu, sayt üçün bir fayda gətirmir.
Bounce rate göstəricisi e-ticarət saytları üçün orta göstəricidən daha çox əhəmiyyət daşıyır. Çünki e-ticarət saytının əsas məqsədi ziyarətçilərin məhsul alaraq müştəri olmasını təmin etməkdir. Ziyarətçilər saytınızda məhsulları araşdırır, səbətə əlavə edir və satınalma kimi hərəkətlər edirlər. Heç bir hərəkət etmədən saytı tərk edən bir ziyarətçi məqsədinizi yerinə yetirməmiş olur.
Bundan əlavə, bu ölçü veb saytın performansı haqqında da məlumat verir. Məsələn əgər sayt orta göstəricidən daha yavaş açılırsa, istifadəçi gözləmək əvəzinə saytı bağlaya bilər. Bununla yanaşı, saytı qarışıq hesab edə və ya dizaynının istifadə üçün əlverişli olmadığını düşünə bilər. Buna görə də, əgər bounce rate istənilən səviyyədə deyilsə, saytda və ya məhsullarda həll olunmalı bir problem ola bilər.
E-ticarət saytınızın bounce rate metrikasına diqqət yetirməlisiniz. Çünki bu metrika sizə müştərilərinizin davranışları haqqında vacib mesajlar ötürür və onların saytınızla nə dərəcədə maraqlandığını göstərir. Əgər hesablanan faiz gözlənilən səviyyədən yüksəkdirsə, bu, istifadəçilərin saytınızda axtardıqlarını tapa bilmədiklərini və ya qarşılıqlı əlaqə yaratmadan saytı tərk etdiklərini göstərə bilər. Belə bir vəziyyət satışların azalmasına, potensial müştərilərin itirilməsinə və ümumilikdə biznesinizin uğuruna mənfi təsir edə bilər. Buna görə də, çox gec olmadan müvafiq tədbirlər görmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq saytınızın gələcəyi üçün vacibdir. Saytın dizaynını, məzmun keyfiyyətini və texniki performansını təkmilləşdirməklə bounce rate göstəricisini aşağı sala və müştəri məmnuniyyətini artıra bilərsiniz.
İstifadəçilər yaxşı bir təcrübə yaşadıqları e-ticarət saytlarında daha çox vaxt keçirirlər. İstifadəçilərin keçmişdə saytda etdikləri hərəkətləri analiz edərək saytınızın hansı xüsusiyyətlərindən məmnun qaldıqlarını görə bilərsiniz. Bu nöqtədə daha yaxşı istifadəçi təcrübəsi təmin etmək üçün sadə interfeys və filtr sistemi xüsusiyyətləri nümunə kimi göstərilə bilər. İstifadəçi axtardığı şeyə nə qədər asan çatsa, bir o qədər yaxşı təcrübə qazanar.
Saytınıza daxil olan istifadəçilər ya nəsə görmək, ya da nəsə oxumaq istəyirlər. Əgər istədikləri qədər informativ məzmun tapa bilməzlərsə, bounce etməyə meyilli olurlar. Saytınızın məzmunlarını hazırlayarkən vizual və mətn məzmunlarının balansını qorumaqla bounce rate metrikasını yaxşılaşdıra bilərsiniz. Bu məzmunların kifayət qədər informasiya ehtiva etməsinə diqqət yetirməlisiniz. İstifadəçilərin davranışlarını analiz edərək, hansı səhifədə hansı məzmun növünə yer verməli olduğunuzu müəyyən edə bilərsiniz.
Bounce rate istifadəçilərin qarşılıqlı əlaqəsi ilə birbaşa bağlı olduğu üçün bu əlaqəni artırmaq gösrəricilərinizin yaxşılaşmasına müsbət təsir göstərir. Qarşılıqlı əlaqəni artırmaq üçün CTA (Call to Action) düymələrindən istifadə edə bilərsiniz. CTA düymələri vasitəsilə qarşılıqlı əlaqəni gücləndirmək üçün məzmunlarınızda hərəkətə keçirici mesajlardan istifadə etməli, vizual məzmunlarda isə diqqətçəkici düymə dizaynlarına yer verməlisiniz.
Clickbait istifadəçiləri aldatmaq mənasını verir və bu cür üsullar mənfi nəticələrə səbəb ola bilər. Məsələn mebel məhsulları ilə bağlı bir reklamı klikləyən istifadəçi özünü məişət texnikası bölməsində tapsa, dərhal saytı tərk edəcəkdir. Buna görə də, istifadəçiləri aldatmadan, aydın və doğru yönləndirmə ilə saytınızda saxlamaq vacibdir. Ən yaxşı təcrübə başlıq və məzmunun istifadəçi gözləntiləri ilə tam uyğun olmasını təmin etməkdir.
Digər metriklərdə olduğu kimi, bounce rate üçün də ən vacib amillərdən biri sayt sürətidir. Saytın yavaş yüklənməsi e-ticarət platformanız üçün ən təhlükəli problemlərdən biri ola bilər. Rəqəmsal dünyada hər şey çox sürətli inkişaf etdiyi üçün istifadəçilərin gözləməyə səbrləri yoxdur və bir neçə saniyə ərzində açılmayan saytlar daha yüksək bounce rate göstəricilərinə sahib olur. Buna görə də, saytınızın infrastrukturunu daim nəzarətdə saxlamalı, inkişaf etdirməli və yavaşlamaya səbəb olan problemləri aradan qaldırmalısınız.
Əgər satışdan çıxarılan və ya stokda olmayan məhsullarınız varsa, bu məhsulların səhifələrini daha funksional hala gətirməlisiniz. Əks halda, həmin səhifələrə daxil olan istifadəçilər istəsələr də heç bir qarşılıqlı əlaqə yarada bilməzlər.
Bu vəziyyətdə, satışdan çıxarılan məhsul səhifələri üçün müvafiq kateqoriyalara və ya oxşar məhsullara yönləndirmələr edə bilərsiniz. Məsələn artıq satmadığınız “qırmızı çanta” məhsulu üçün əvvəlki bağlantını eyni kateqoriyaya aid digər qırmızı çantalara və ya həmin çantanın fərqli rənglərinin yer aldığı səhifəyə yönləndirə bilərsiniz.
Əgər bu qırmızı çanta hazırda stokda yoxdursa, lakin gələcəkdə yenidən satışa çıxarılacaqsa, səhifəyə “İstək siyahısına əlavə et!” və ya “Stokda olduqda xəbər ver!” kimi düymələr əlavə edərək istifadəçiləri hərəkətə keçirə bilərsiniz. Bu cür tədbirlər e-ticarət saytınızın bounce rate (dərhal çıxma) göstəricisinə müsbət təsir göstərə bilər və istifadəçilərin saytda daha uzun müddət qalmasını təmin edə bilər.
Bounce rate saytların uğurunu ölçmək üçün vacib metriklərdən biridir və istifadəçilərin saytda nə qədər aktiv olduğunu göstərir. Yüksək bounce rate, saytın dizaynı, məzmunu və ya sürəti ilə bağlı problemlərin ola biləcəyinə işarə edir. Bu göstəricini azaltmaq üçün saytın yüklənmə sürətini optimallaşdırmaq, istifadəçi dostu interfeys yaratmaq və cəlbedici məzmun təqdim etmək vacibdir. Eyni zamanda, aydın çağırış mesajları (CTA) və uyğun yönləndirmələr vasitəsilə istifadəçiləri hərəkətə keçirmək mümkündür.