Dəyişən dünyada kütləvi informasiya vasitələrinin inkişafı ilə bir çox fərqli marketinq strategiyaları meydana çıxmışdır. İstehsalın artması və ünsiyyət vasitələrinin çoxşaxəliliyi rəqabət şərtlərini də dəyişdirmişdir. İnkişaf edən və dəyişən rəqabət şərtlərinə uyğunlaşmaq, dövrün gerisində qalmamaq üçün istehsal etdiyimiz məhsul və xidmətə nə qədər diqqət və əhəmiyyət veririksə, həmin məhsul və xidmətin marketinqinə də bir o qədər diqqət göstərməliyik.
Müasir marketinq dünyasında ATL (Above the Line), BTL (Below the Line) və TTL (Through the Line) anlayışları müxtəlif reklam və tanıtım strategiyalarını ifadə edir. Bu üsullar brendlərin hədəf kütlələrinə çatmaq və məhsullarını tanıtmaq üçün istifadə etdikləri əsas marketinq istiqamətləridir. ATL daha geniş auditoriyaya yönəlmiş, televiziya, radio və qəzet kimi kütləvi media kanalları vasitəsilə həyata keçirilən marketinqdir. BTL isə birbaşa müştəri ilə əlaqəyə əsaslanan, nümunə paylanması, tədbirlərin həyata keçirilməsi və endirim kampaniyaları kimi fərdi yanaşmalardır. TTL isə həm ATL, həm də BTL üsullarını birləşdirərək brendin geniş və hədəfli şəkildə tanıdılmasını təmin edən kompleks marketinq strategiyasıdır.
ATL (Above the Line) marketinq geniş auditoriyaya xitab edən və kütləvi informasiya vasitələri üzərindən həyata keçirilən reklam və tanıtım fəaliyyətləridir. Bu marketinq növü əsasən televiziya, radio, qəzet və billboard kimi vasitələrlə markanın tanınmasını artırmaq məqsədi daşıyır. ATL marketinq brendin daha çox insan tərəfindən tanınmasını təmin edən və böyük miqyaslı reklam kampaniyalarında istifadə olunan üsuldur.
ATL marketinqin məqsədi təqdim olunacaq markanı yalnız müəyyən bir kütləyə deyil, hər kəsə çatdırmaqdır. Marka haqqında məlumatlandırıcı və diqqətçəkən mesajlara yer verərək markanın (məhsulun və ya xidmətin) tanınmasını təmin etmək, həmçinin çatdığı kütlənin marağını və diqqətini çəkmək əsas hədəfidir. Buna görə də geniş kütlələrə xitab edən kommunikasiya vasitələrindən istifadə edir. Televiziya, radio, jurnal və qəzet kimi kütləvi informasiya vasitələrini seçir.
ATL marketinq marka üçün imic və xarakter formalaşdırmağa imkan verir. İstehsal olunan məhsul və ya göstərilən xidmət barədə məlumat əldə edilməsini təmin edir. Bununla da məqsədi insanların yaddaşında daha qalıcı olmaq və maraq yaratmaqdır. Psixoloqlar deyir ki, insanların hər hansı bir məhsulu və ya xidməti alması və ya həmin markaya maraq göstərməsi üçün, təqdim edilən marka ilə özünü eyniləşdirməlidirlər. Çoxları həyat tərzinə uyğun gəlməyən və ya stilini əks etdirməyən bir markaya yaxınlıq duymur, hətta bu marka onların diqqətini də çəkmir. ATL marketinq insanların marağını çəkməklə yanaşı, markayla heç bir əlaqəsi olmayan insanlarda da maraq duyğusu oyatmağı hədəfləyir.
ATL marketinqin fəlsəfəsi yalnız müəyyən bir kütləyə çatmaqdan daha çox, markanı hər kəsə tanıtmaq və markanın varlığından hər kəsin xəbərdar olmasını təmin etməkdir. Bunu edən zaman geniş kütləyə xitab edən kütləvi informasiya vasitələrini seçir. Bu ünsiyyət vasitələri arasında demək olar hər kəsin evində olan televiziya və radio başlıca yer tutur. Bundan əlavə, marka tanıtımını daha geniş çərçivədə yayımlamağa imkan verən qəzet və jurnal kimi kütləvi informasiya vasitələrinə üstünlük verir. Küçələrdə afişa və reklam lövhələri kimi diqqətçəkən ünsiyyət vasitələrindən də istifadə olunur.
BTL marketinq hədəf aldığı kütləyə və ya qrupa yönəlmiş bir marketinq strategiyasına sahibdir. BTL marketinqdə markanın tanıtımı, onun istehsal etdiyi məhsul və xidmətlər barədə məlumat vermək və markaya qarşı maraq oyatmaqdan çox, əsas prioritet hədəf kütlənin sadiqliyini təmin etməkdir. Müəyyən bir qrup və kütləyə xitab etdiyi üçün, marka ilə bağlı rəy və qiymətləndirmə etmək imkanı yaradır. Qısacası, BTL marketinq müəyyən bir kütləyə və qrupa yönəldiyi üçün markaya bağlılığı artırmağı hədəfləyir.
BTL marketinq ATL marketinqlə müqayisədə daha aşağı büdcə ilə həyata keçirilir. Çünki BTL marketinq daha kiçik bir hədəf qrupu üçün nəzərdə tutulduğundan, xərc baxımından da daha az büdcəyə malikdir. BTL marketinq daha minimal bir marketinq formasıdır. Markaların hazırladığı kampaniyaların tanıtımını, eləcə də broşür, kataloq, e-poçt, qısa mesaj və zənglər vasitəsilə həyata keçirir. Hədəf aldığı kütləni potensial müştəri kimi görür. Beləliklə, çatdığı qrup və kütlədən birbaşa və ya dolayı yolla geri dönüş alaraq markanın satışına yönəlik məlumatları rahatlıqla əldə edə bilir.
ATL marketinq geniş bir kütləni hədəf aldığı üçün, televiziya, radio, reklam banneri kimi ünsürlərdən istifadə edir və marka ilə bağlı geri dönüşləri dəyərləndirmək çox da mümkün olmur. BTL marketinq isə birbaşa hədəf kütləyə yönəlir, birbaşa marketinq aparır. Markanın məhsulu və ya təqdim etdiyi xidmətlə bağlı birbaşa kampaniyaya yönəlmiş marketinq metoduna üstünlük verir. BTL marketinqdə mesajlar, zənglər, tədbirlər keçirmə, promosyonlar hazırlama və afişalardan istifadə edərək hədəf kütləyə çatır. Göndərilən mesajlar, edilən zənglər və təşkil olunan tədbirlər sayəsində markanın məhsul və xidmətini və ya həyata keçirilən kampaniyanı hədəf kütləyə və ya qrupa çatdırır. Beləliklə, daha dar bir kütləni hədəf aldığı üçün, marka ilə bağlı dəyərləndirmə aparmaq imkanı daha yüksək olur.
TTL Marketinq həm ATL, həm də BTL kampaniya prinsiplərini özündə birləşdirən, inteqrasiya olunmuş marketinq fəaliyyətləri üçün istifadə olunan bir termindir və “360 Dərəcə Marketinq” kimi də tanınır.
TTL kampaniyalarında marka və məhsul tanınmasının artırılması ilə yanaşı, kampaniya nəticəsində satış və geri dönüş əldə etmək də hədəflənir. Bu məqsədi reallaşdırmaq üçün həm ATL, həm də BTL marketinq kanallarından istifadə edilir.
Bu kampaniya yüksək büdcə, geniş kütləyə yayılması və istifadə olunan kanallar baxımından ATL kampaniyaya bənzəsə də, kütlə hədəfləməsi, təçviqat kampaniyaları vasitəsilə geri dönüşlərin izlənməsi və investisiya gəlirlərinin (ROI) böyük ölçüdə ölçülə bilinməsi səbəbindən BTL kampaniyaya da bənzəyir. Məhz bu cür inteqrasiya olunmuş marketinq fəaliyyətlərinə TTL marketinq deyilir.
Marketinq strategiyası seçərkən şirkətin məqsədləri, büdcəsi və hədəf auditoriyası əsas amillərdir. Əgər məqsədiniz geniş kütləyə çatmaq və markanızı tanıtmaqdırsa, ATL (Above the Line) strategiyası daha uyğun ola bilər. ATL reklamları televiziya, radio və qəzet kimi kütləvi media vasitəsilə yayımlandığı üçün marka tanınmasını artırmaqda effektivdir.
Daha konkret və hədəflənmiş auditoriyaya çatmaq istəyirsinizsə, BTL (Below the Line) üsulları daha doğrudur. BTL strategiyası tədbirlər, nümunə paylanması, birbaşa marketinq və fərdi yanaşmalarla müştəri ilə birbaşa əlaqə qurmağa imkan verir. Məhdud büdcəsi olan və satış yönümlü fəaliyyətə üstünlük verən kiçik və orta bizneslər üçün BTL daha sərfəlidir.
TTL (Through the Line) isə hər iki üsulun üstünlüklərini birləşdirən çevik yanaşmadır. TTL həm geniş kütləninməlumatlandırma, həm də hədəflənmiş müştəri qazanmaq üçün effektivdir. Böyük şirkətlər və müxtəlif seqmentlərə yönələn kampaniyalar üçün TTL strategiyası daha məqsədəuyğundur. Hər bir biznesin ehtiyacı fərqli olduğuna görə strategiyanı seçərkən məqsəd, hədəf kütlə və resurslar nəzərə alınmalıdır. Bəzən ATL ilə başlanıb sonrakı mərhələdə BTL və TTL yanaşmaları ilə gücləndirilmiş kampaniyalar daha uğurlu olur. Buna görə də, düzgün strategiya seçimi marketinq uğurunun açar faktorlarından biridir.