Link kopyalandı!
İnfluencer Marketinq Nədir? | Smartbee.az
Blog
2025-02-21 15:45

İnfluencer Marketinq Nədir?

Öncəliklə “İnfluencer nə deməkdir?”, bu suala cavab axtaraq. İngiliscə “influence” (təsir etmək) sözündən yaranan bu termin, birbaşa tərcümədə “təsir edən şəxs” mənasını verir və rəy lideri deməkdir. İnfluencer marketinq brendlərin məhsul və xidmətlərini sosial media vasitəsilə tanıtmaq üçün nüfuzlu şəxslərlə əməkdaşlıq etmə strategiyasıdır. Bu metod ənənəvi reklamlardan fərqli olaraq, daha səmimi və real istifadəçi təcrübəsinə əsaslanır. İnfluencerlər izləyiciləri ilə güclü əlaqə qurduqları üçün onların tövsiyələri daha etibarlı və təsirli olur. Bu marketinq növü brendlərə hədəf auditoriyaya daha effektiv çatmağa, marka tanınırlığını artırmağa və satışları stimullaşdırmağa kömək edir. Xüsusilə sosial mediadan geniş istifadə olunan dövrdə influencer marketinq bizneslər üçün vacib reklam strategiyasına çevrilib. Doğru influencer seçimi və uğurlu kampaniya planlaşdırılması ilə şirkətlər müştəri etibarını qazana və bazarda üstünlük əldə edə bilərlər.

İnfluencer marketinqin faydaları nələrdir?

İnfluencer marketinq brendlərin hədəf auditoriyaya daha tez və effektiv şəkildə çatmasına kömək edən güclü bir reklam strategiyasıdır. İnfluencerlər izləyiciləri ilə yaxın münasibət qurduqları üçün onların tövsiyələri ənənəvi reklamlardan daha inandırıcı və etibarlı qəbul edilir. Bu strategiya sayəsində markalar daha geniş kütləyə çata, tanınırlığını artıraraq müştəri etibarını qazana bilirlər. Eyni zamanda, satışları stimullaşdırmaq və brend sadiqliyini artırmaq üçün təsirli bir üsuldur. İnfluencer marketinqin əsas faydaları məhz bu təsirlərin üzərində qurulub və brendlərə uğurlu nəticələr qazandırır.

Marka tanınırlığını artırır

İnfluencerlər sayəsində markanız daha geniş auditoriya tərəfindən tanına bilər. Hər əməkdaşlıq dərhal satışa çevrilməyə bilər. Lakin insanların sizi tanıması və görməsi satışlarınızın artması üçün olduqca vacibdir. Əgər əməkdaşlığınız dərhal satış gətirməyibsə, narahat olmayın, bu, gələcək satışlar üçün zəmin yaradır.

Markaya olan güvən artır

İnfluencerlər və ya məşhurlar zamanla izləyiciləri ilə güclü bir bağ qururlar. Onların fikirləri, tövsiyələri və təklifləri izləyiciləri tərəfindən dəyərli və etibarlı hesab edilir. Markalar da influencer-lərlə əməkdaşlıq edərək, illərlə gözləməyə ehtiyac qalmadan güvən indekslərini artırmaq imkanı əldə edirlər.

Eyni zamanda, influencer-lər bir məhsulu və ya xidməti real həyat təcrübələri ilə paylaşdıqları üçün izləyicilərin marka haqqında daha müsbət rəy formalaşdırmasına səbəb olurlar. Bu strategiya, xüsusilə yeni bazara daxil olan və ya rəqiblər arasında fərqlənmək istəyən brendlər üçün əhəmiyyətlidir. Güvən müştəri sadiqliyinin əsas amillərindən biridir və influencer marketinq bu güvəni daha tez qurmağa imkan yaradır. Doğru influencer seçimi ilə markalar həm mövcud müştərilərini qoruyub saxlaya, həm də yeni potensial müştərilərin diqqətini çəkərək onların inamını qazana bilərlər.

Satışlarınızı artırmağa kömək edir

Doğru influencer əməkdaşlığı sayəsində satış rəqəmlərinizdə ciddi artış müşahidə edə bilərsiniz. Bəs doğru influencer nə deməkdir? Bu, sizin sahənizdə izləyicilərini satın almağa yönləndirə bilən biridir. Məsələn əgər kosmetik məhsullar satırsınızsa, gözəllik mövzusunda paylaşımlar edən bir influencer ideal seçim ola bilər. Dəriyə düzgün qulluq edən və gözəl dərisi ilə tanınan birisi hansı kremi almalı olduğunuzu tövsiyə edərsə, siz də məhz onu almağa meyilli olarsınız.

Veb səhifənizin trafikini artırır

İnfluencer-lərin paylaşımları sayəsində hətta birbaşa saytınıza yönləndirmə etməsəniz belə veb saytınıza gələn trafik artıra bilər. İnfluencer- lərin təqdim etdiyi məhsul və ya xidmətlər izləyicilər tərəfindən maraqla qarşılandıqda, onlar daha çox məlumat əldə etmək üçün markanın rəsmi səhifəsinə və ya veb saytına baş çəkirlər. Xüsusilə, influencer-lərin real təcrübələrini bölüşməsi və məhsul haqqında ətraflı məlumat verməsi izləyicilərdə maraq oyadır və onları daha çox araşdırmağa sövq edir.

Bundan əlavə, influencer-lərlə əməkdaşlıq edərkən paylaşımlara veb saytınıza birbaşa keçid əlavə etmək, trafik artımını daha da sürətləndirə bilər. İnsanlar məhsul və ya xidmətinizlə maraqlandıqda, asanlıqla saytınıza daxil olub alış-veriş edə bilərlər. Bu, yalnız trafik artımına deyil, eyni zamanda potensial müştərilərin real alıcılara çevrilməsinə də kömək edir. Doğru influencer marketinq strategiyası ilə veb saytınıza stabil və davamlı bir trafik cəlb edə bilərsiniz.

Sosial media əlaqəniz artar

Sosial mediada izləyici və qarşılıqlı əlaqəni artırmağın bir neçə yolu var. İlk növbədə, mütəmadi olaraq paylaşımlar etməlisiniz. Bu, sosial media marketinqi üçün ilk və ən vacib addımdır. Daha sonra sosial media paylaşımlarınız üçün reklam verə bilərsiniz. Digər bir seçim isə sizdən daha çox izləyicisi olan hesablarla əməkdaşlıq etməkdir, yəni influencer-lərlə işləmək. İzləyici sayı və qarşılıqlı əlaqə artdıqca, markanız daha çox insan tərəfindən tanınacaq və məhsul və ya xidmətləriniz daha geniş auditoriyaya çatacaq. Bu da nəticədə potensial müştərilərin sayının artmasına və satışların yüksəlməsinə kömək edəcək.

İnfluencerin növləri

İnfluencerlər izləyici saylarına və ixtisaslaşdıqları sahələrə görə müxtəlif kateqoriyalara bölünə bilərlər:

  • Mikro İnfluencerlər: 1.000 ilə 100.000 izləyicisi olan influencerlər. Adətən daha spesifik bir auditoriyaya xitab edirlər və izləyiciləri ilə daha yaxın münasibət qururlar.
  • Makro İnfluencerlər: 100.000 ilə 1 milyon izləyicisi olan influencerlər. Daha geniş kütləyə çata bilirlər və brendlər üçün daha böyük təsir göstərə bilərlər.
  • Mega İnfluencerlər: 1 milyondan çox izləyicisi olan influencerlər. Geniş və ümumi auditoriyaya çatmaq üçün idealdırlar, lakin adətən daha yüksək əmək haqqı tələb edirlər.

İnfluencerlər markalar üçün müxtəlif rollar oynaya bilərlər. Bunlara məhsul tanıtımı, məzmun yaradılması, auditoriya ilə qarşılıqlı əlaqənin idarə edilməsi kimi vəzifələr daxildir. Hər bir influencer növü, markanın məqsədlərinə uyğun olaraq fərqli strategiyalar üçün istifadə edilə bilər.

İnfluencer marketinq strategiyası necə qurulur?

İnfluencer marketinq hədəf auditoriyanızla qarşılıqlı əlaqə qurmaq və marka tanınırlığınızı artırmaq üçün olduqca effektiv bir üsuldur. Lakin doğru influencer-ləri tapmaq, onlarla əməkdaşlıq etmək, uyğun büdcə müəyyənləşdirmək, hədəflərə çatmaq və mesajınızı düzgün şəkildə çatdırmaq üçün diqqətlə hazırlanmış bir strategiya tələb olunur. Bəs influencer marketinq strategiyanızı hazırlayarkən ilk öncə hansı addaımları atmalıyıq?

1. İnfluencer necə tapılır və onlara nə qədər ödəniş edilir?

Doğru influencer-ləri tapmaq influencer marketinq strategiyanızın əsasını təşkil edir. Potensial influencer-ləri tapmaq üçün sektorunuzda populyar olan sosial media platformalarını, bloqları və ya podkastları araşdıra bilərsiniz. Həmçinin, influencer marketinq agentlikləri və müxtəlif alətlər bu məqsədlə effektiv resurs ola bilər.

İnfluencer-lər müxtəlif kateqoriyalara bölünür və əməkdaşlıq üçün fərqli məbləğlər tələb edə bilərlər. Məsələn mikro-influencer-lər (10.000 - 100.000 izləyicisi olan) məhsul rəyləri və ya tanıtımları üçün bəzən sadəcə ödənişsiz məhsulla razılaşa bilərlər. Daha böyük influencer-lər (100.000-dən çox izləyicisi olanlar) isə adətən ödənişli əməkdaşlıqlara üstünlük verirlər. Ödəniş etməzdən əvvəl influencer-lərin izləyici auditoriyasını, qarşılıqlı əlaqə dərəcəsini və digər sosial media göstəricilərini analiz edərək onların dəyərini müəyyənləşdirməlisiniz.

2. Büdcə və idarəetmə strategiyası müəyyən edin

İnfluencer marketinq kampaniyanız üçün büdcə müəyyənləşdirmək uğurlu bir strategiya həyata keçirmək üçün vacibdir. Əməkdaşlıq edəcəyiniz influencer-lərin izləyici sayı, paylaşımlarının keyfiyyəti və əməkdaşlıq növünə əsasən büdcənizi planlaşdıra bilərsiniz. Bundan əlavə, influencer-lərə ödənəcək məbləğlərdən başqa kampaniya üçün əlavə reklam büdcəsi ayırmaq da faydalı ola bilər. influencer marketinq kampaniyanızın idarəedilməsini təmin etmək üçün strategiyanızı hazırlamalayarkən,Büdcəni də təyin etməlisiniz.

3. Hədəfləri və mesajı müəyyən edin

İnfluencer marketinq kampaniyanızın uğurlu olması üçün əvvəlcə dəqiq hədəflər müəyyən edilməlidir. Hədəflər kampaniyanın məqsədinə və auditoriyaya uyğun şəkildə seçilməlidir. Məsələn bir marka yeni bir məhsulu tanıtmaq istəyirsə, əsas hədəfi həmin məhsulun tanınırlığını artırmaq və satışları yüksəltmək olmalıdır. Bu hədəflərə əsaslanaraq mesajınızı formalaşdırmalı və onu auditoriyaya düzgün çatdırmalısınız. Mesaj markanın dəyərlərini əks etdirməli və hədəf auditoriyanın maraqlarına uyğun olmalıdır. Məhsul və ya xidmətinizlə maraqlanacaq hədəf kütləyə xitab edən influencerlərlə əməkdaşlıq etməyini oluqca önəmlidir. Mesajınızı effektiv şəkildə çatdırmaq, influencer kampaniyanızın uğurunu artıracaq.

4. İnfluencer-lərlə necə əlaqə qurulur?

İdeal influencer-i tapdıqdan sonra onunla ünsiyyət qurmaq vacibdir. İnfluencer-lə əlaqə saxlamaq üçün birbaşa mesaj göndərə, e-poçt vasitəsilə müraciət edə və ya influencer-in rəsmi səhifəsindəki əlaqə formunu doldura bilərsiniz. Bəzi influencer-lərin işbirlikləri üçün agentliklər və ya menecerləri ola bilər, belə olduqda onlarla əlaqə quraraq əməkdaşlıq şərtlərini müzakirə edə bilərsiniz.

İnfluencer-lərlə əlaqə saxlayarkən əməkdaşlığın detalları barədə açıq və aydın ünsiyyət qurmalısınız. Əməkdaşılığın detalları, gözləntiləriniz, ödəniş məbləği, paylaşılacaq məzmun növü və təqvim kimi məlumatları əhatə etməlidir. Həmçinin, influencer-in hazırladığı məzmunun təsdiqlənmə prosesini də öncədən müəyyənləşdirməlisiniz. Əməkdaşlıq müddətində qarşılıqlı anlaşma və şəffaf ünsiyyət çox vacibdir.

5. Kampaniyanın nəticələrini ölçün

İnfluencer kampaniyanız başa çatdıqdan sonra onun nəticələrini ölçmək üçün konkret bir plan qurmalısınız. Ölçmə prosesi kampaniyanın müəyyən olunmuş hədəflərə çatıb-çatmadığını qiymətləndirmək üçün əsas göstəriciləri əhatə etməlidir. Məsələn, veb saytınıza daxil olan trafik artımı, satışların yüksəlməsi, sosial mediada izləyici sayının artması kimi göstəricilər kampaniyanın uğurunu ölçmək üçün istifadə edilə bilər.

Bütün bu addımları izləyərək və uğurlu bir sosial media kampaniyası həyata keçirərək markanızın məqsədlərinə rahatlıqla çata bilərsiniz. Düzgün influencer marketinq strategiyası markanızın böyüməsinə, sosial mediada daha geniş auditoriyaya çatmasına və satışların artmasına kömək edəcək.