Link kopyalandı!
Backlink Nədir? | Smartbee.az
Blog
2025-02-20 19:50

Backlink Nədir?

Backlink sadə şəkildə bir veb saytdan digərinə verilən bağlantıdır. Bir veb saytın sizin veb saytınıza və ya sizin öz veb saytınızdan başqa veb saytlara yönləndirmə etməniz və bu yönləndirməni linklər vasitəsilə dəstəkləməniz kimi də təsvir edilə bilər. Backlink Off-pageSEO-nun əsas hissəsini təşkil edən ən vacib amildir. 

Bilməliyik ki,  backlink-lər SEO sıralamaları üçün çox vacibdir. Saytınıza etibarlı və nüfuzlu mənbələrdən gələn backlink-lər onun reytinqini artırır, lakin zəif və spam xarakterli linklər əksinə, zərər verə bilər. SEO mütəxəssisləri təbii yolla gələn backlink-lərlə yanaşı, daha çox və keyfiyyətli linklər almaq üçün müxtəlif strategiyalar qururlar. Google isə backlink-ləri müəyyən meyarlarla qiymətləndirir və onların saytınıza təsirini buna görə müəyyənləşdirir.

Backlinklərin növləri

Backlinklər veb saytların SEO performansını artıran və axtarış motorlarında reytinqini yüksəldən vacib amillərdən biridir. Backlinklər əsasən DoFollow və NoFollow olmaqla iki əsas kateqoriyaya bölünür. Bundan əlavə, backlink-lərin təsiri onların mənbəyindən, gücündən və uyğunluğundan asılı olaraq dəyişir. SEO strategiyalarında effektiv backlink əldə etmək üçün onların fərqli növlərini bilmək vacibdir. İndi isə backlink növlərinin əsas kateqoriyalarına nəzər salaq:

Dofollow və Nofollow backlinklər

Hər hansı bir sayt sizin saytınıza dofollow backlink verdiyi halda, Google saytdakı həmin məzmunu crawl edən zaman sizin məzmunu da nəzərə alaraq crawl edir. Yəni, həmin sayt sizin səhifəni Google-a etibarlı mənbə kimi tanıdaraq, onu crawl etməsinə icazə verir.

Əgər backlink aldığınız sayt sizin saytı etibarlı mənbə olaraq Google-a tövsiyyə etmək istəmirsə, bu zaman sizə nofollow backlink verir. Bu zaman Google botları həmin məzmunu crawl edərkən sizin səhifənizə keçid etmir. Səhifənizə keçid daha çox istifadəçilər tərəfindən həyata keçirilir.

High authority və low authority backlinklər

SEO strategiyalarında high authority backlinklər istifadə etmək axtarış nəticələrində daha yüksək sıralara çıxmağa kömək edir. Bu cür backlinklər yüksək domain reytinqinə malik saytlardan alınan linklərdir. Bu saytlar Google tərəfindən nüfuzlu və etibarlı mənbə olaraq tanındığı üçün, onlardan əldə etdiyiniz backlink sizi də Google-un gözündə etibarlı hala gətirməyə imkan yaradır. Low authority backlinklər isə, domain reytinqi aşağı olan, az backlink yerləşdirilən və daha az kütləəyə xitab edən saytlardan alınan linklərdir.

Backlinklərin SEO-ya təsiri 

Backlinklər SEO üçün ən vacib amillərdən biridir və saytın axtarış nəticələrində daha yüksək mövqeyə çıxmasına kömək edir. Google və digər axtarış motorları backlinkləri saytın etibarlılıq göstəricisi kimi qəbul edir. Keyfiyyətli və etibarlı mənbələrdən gələn backlink-lər saytın nüfuzunu artıraraq onun dəyərini yüksəldə bilər.

Əgər backlinklər nüfuzlu və uyğun saytlardan gəlsə, Google bu linkləri saytın faydalı və dəyərli mənbə olduğunu göstərən bir siqnal kimi qəbul edir. Aşağı keyfiyyətli saytlardan gələn linklər isə əksinə, SEO-ya mənfi təsir göstərərək saytın reytinqinin düşməsinə səbəb ola bilər.

Təcrübəli SEO mütəxəssisləri orqanik və keyfiyyətli backlink strategiyaları quraraq saytların uzunmüddətli uğur qazanmasına nail olurlar. Yüksək reytinqi backlinklər həm trafik gətirir, həm də saytın mövqeyini gücləndirir. Bunun üçün yalnız etibarlı və mövzuya uyğun saytlardan backlink almaq vacibdir.

Backlink alarkən nələrə diqqət etməliyik?

Keyfiyyətli backlinklər etibarlı mənbələrdən alınan backlinklər hesab olunur. Backlink almazdan əvvəl həmin saytın SEO analizini aparmalı, reytinqinə nəzər yetirməli və məzmununuzn saytla nə qədər əlaqəli ola biləcəyinə diqqət yetirməlisiniz. Bundan əlavə, saytınıza keçid verəcək linkin yerləşdirildiyi açar sözün təyin olunması da olduqca önəmlidir. Bunun üçün açar söz araşdırması etməli və linkin yerləşdirilməsi üçün ən uyğun açar sözü tapmalısınız.